"İyulun 20-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinə hücum edilməsi barədə bəzi internet portallarının yaydığı xəbər tamamilə yanlışdır". Bunu SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov iki sərxoş tərəfindən Amerika Birləşmiş Ştatlarının Bakı şəhərindəki səfirliyinin postuna hücum olunması barədə yayılan yalan məlumatlara aydınlıq gətirərkən deyib.
DİN mətbuat xidmətinin rəis müavinin sözlərinə görə, iki nəfər şəxs 23 yaşlı Naxçıvan sakini Vüsal Səfərov və onun həmyaşıdı olan Tovuz rayon sakini İlqar Tağıyevin ABŞ-ın Azərbaycandakı səfirliyinə hücum etməsi və stəkanla polis əməkdaşına xəsarət yetirməsi haqqında yayılan məlumatlar kimlərinsə uydurması və nağılıdır: "Bu yanlış məlumatı yayanlar hesab edirəm ki, Azərbaycan dövlətinin günü-gündən beynəlxalq aləmdə artan nüfuzuna kölgə salmağa çalışıblar. Bu məlumatlar kökündən təhrif olunub. Belə bir hadisə heç qeydə belə alınmayıb. Bu hadisə sadəcə olaraq, iyulun 20-də Bakının Nəsimi rayonu ərazisində Süleyman Rüstəm küçəsindəki kafelərin birində baş verən xuliqanlıq hərəkətləridir. Belə ki, həmin ərazidə fəaliyyət göstərən kafedə olan iki nəfər şəxs 23 yaşlı Naxçıvan sakini Vüsal Səfərov və onun həmyaşıdı olan Tovuz rayon sakini İlqar Tağıyev sərxoş halda münaqişə zəminində bir-birini döyərək, xəsarət yetiriblər. Bu zaman həmin ərazinin yaxınlığında xidmət aparan Nəsimi rayon Polis İdarəsinin post patrul xidmətinin əməkdaşları bu olayı görüb və dərhal onları sakitləşdirib. Polis əməkdaşları həmin şəxsləri araşdırma aparılması məqsədilə ərazidəki 21-ci Polis bölməsinə təhvil veriblər. Beləcə, bölmədə iki şəxsin xuliqanlıq hərəkətlərinə hüquqi qiymət verilməsi üçün araşdırmalara başlanılıb".
Qeyd edək ki, iyulun 20-də ölkənin bəzi internet portallarında Amerika Birləşmiş Ştatlarının Bakı şəhərindəki səfirliyinin postuna hücum olunması barədə xəbər yayılıb. Məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis baş serjantı Asif Salahov ABŞ səfirliyində xidmət aparan zaman 23 yaşlı Naxçıvan sakini Vüsal Səfərov və onun həmyaşıdı olan Tovuz rayon sakini İlqar Tağıyev posta soxulublar. Sərxoş vəziyyətdə olan şəxslər heç bir səbəb olmadan A.Salahov və onun post yoldaşı olan 31 yaşlı polis serjantı Şəmil Babayevə nalayiq sözlər deyib, təhqir ediblər. Sonra isə postda olan stəkanı götürüb sındıraraq polis nəfərlərinə əl nahiyələrindən xəsarət yetiriblər. Polis əməkdaşları xəsarətlə DİN-in hospitalına yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB