YAP Şuşa rayon təşkilatının fəalları ilə görüş keçirilib

YAP Şuşa rayon təşkilatının fəalları ilə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının fəalları ilə seçki qabağı görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, millət vəkili Rövşən Rzayev, YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva və Şuşa rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyası və müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçək dəstələri qoyublar.

Daha sonra Təvəkkül Əliyev YAP Şuşa rayon təşkilatında görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verib: "Yarandığı gündən tarixi missiyasını layiqincə yerinə yetirən YAP-ın sıraları genişləndiyi kimi mütəşəkkilliyi də davamlı olaraq artır. Artıq YAP Şuşa rayon təşkilatının 36 ilk ərazi təşkilatında 1600 üzvü cəmləşib. Onlardan 934 nəfər qadın, 564 nəfəri isə gənclərdir. Üzv olanların 70 faizi ali və orta ixtisas təhsilinə malikdir. Rayonda ziyalılar aparıcı qüvvədir. Demokratik inikşaf yolu ilə dünya birliyinə inteqrasiya edən Azərbaycan iqtisadi inkişafı üçün uzunmüddətli strategiya müəyyənləşdirib. Respublikanı əhatə edən davamlı və dayanıqlı iqtisadiyyatın inkşafında cəmiyyətin avanqardı olan YAP həmişə olduğu kimi yenə də aparıcı missiyasını davam etdirir. Bütün xalq inanır ki, Ulu Öndər Heydər Əliyev kursunu davam etdirən Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin qətiyyəti ilə ölkəmiz daha böyük uğurlara imza atacaqdır. Qarşıdan gələn seçkilərə hazırlıqla bağlı YAP Şuşa rayon təşkilatı 13 nəfərdən ibarət yerli şeçki qərargahı yaradıb. Bundan başqa seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir".

YAP Şuşa rayon təşkilatının sədri qeyd edib ki, bəzi üzdəniraq, anti-milli qüvvələr keçirilən belə tədbirləri partiyamızın təbliğat kampaniyasına başlaması kimi qələmə verirlər. Amma bu heç də belə deyil. Çünki YAP Mərkəzi Qərargahı öz iş planına uyğun olaraq partiya fəalları ilə görüşlər keçirir. Anti-milli qüvvələrin bu günə qədər seçki qərargahı yarada bilməmələri isə onların öz günahlarıdır. Bu həm də xalqın onlara verdiyi qiymətdir".

Çıxış edən YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva bildirib ki, partiya sıralarında qadınların xeyli sayda təmsil olunması ikiqat sevindirici haldır: "Çünki qadınlar cəmiyyətin, eyni zamanda, hər ailənin aparıcı qüvvəsi, ictimai rəyin formalaşmasında əsas simalardan biridir. Ölkədə ana və qadınların hüquqlarının müdafiəsi üçün həyata keçirilən islahatlar, gender siyasətinin tətbiqi, yeniyetmələrin və uşaqların sağlam böyüməsi üçün həyat keçirilən tədbirlər, eyni zamanda, analara diqqət və qayğının nümunəsidir. Buna görə qadınlarımız qarşıdakı seçkilərdə Prezident İlham Əliyevə alternativ namizəd görməyərək mövcud iqtidarın siyasətini dəstəkləyəcəklər.

Sonra YAP Şuşa rayon ilk ərazi təşkilatının sədrləri, idarə heyətinin üzvləri çıxış ediblər.

Tədbirdə iştirak edən millət vəkili Rövşən Rzayev isə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan dövləti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilir, inkişaf etdirilir: "Məhz Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Bu siyasəti həyata keçirən Prezident İlham Əliyevin arxasında xalq dayanıb. Azərbaycanı AŞPA-da təmsil edən bir şəxslərdən biri kimi sizi əmin edirəm ki, biz Şuşaya qayıdacağıq. İşğal olunmuş torpaqlarımızın bir qarışını da heç kimə verməyəcəyik. Ölkə başçısının bizi gələcəkdə daha böyük uğurlara aparması üçün xalqımız oktyabr ayında keçiriləcək seçkilərdə ona səs verəcəklər".

Görüşdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, müstəqil Azərbaycan dövlətinin hər bir vətəndaşı Prezident İlham Əliyevin son 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir. Seçicilərin əksəriyyəti dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev siyasətinin davamlı olması üçün oktyabr ayında Prezident İlham Əliyevin namizədliyini dəstələyəcək: "Bu gün dünyada mövcud olan iki mindən çox xalqın iki yüzdən bir qədər çoxunun dövləti mövcuddur. Yəni hər bir xalqa müstəqil dövlət qurmaq nəsib olmur. Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqil dövləti olan xalqlar arasında yer alır. Bu gün fəxrlə deyirik ki, Azərbaycan Cənubi Qafqazın ən güclü və aparıcı dövlətidir. Ölkəmiz beynəlxalq aləmdə ayrı-ayrı dövlətləri geridə qoymaqla inkişaf etməkdədir. Azərbaycan 155 dövlətin səsi ilə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Artıq iki il ölkəmiz BMT TŞ-nın iclaslarına rəhbərlik edəcək. Bu gün Azərbaycanın ilk müstəqil süni peyki vardır. Beləcə, bir sıra dövlətlər də ölkəmizlə müqavilə əsasında bundan yararlanmağa çalışırlar. Bu gün dünyanın ən nüfuzlu, aparıcı beynəlxalq tədbirləri (idman, dünya çempionatları, musiqi yarışmaları və s.) Azərbaycanda keçirilir. Bunların hər biri ona görə ölkəmizdə keçirilir ki, burada təşkilatçılıq yüksək səviyyədədir".

YAP İcra katibinin ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən hadisələri də tədbir iştirakçılarına bir daha xatırladıb. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı: "1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycana gəldi və dövlətimizi bu bəladan qurtardı. Həmin çətin anlarda xalqın yanında olmayan insanlar bu gün prezidentlik arzusuna düşüblər. Balayanlar Azərbaycan əleyhinə kitablar yazanda, müxtəlif kinolar çəkəndə özünü məşhur kinorejissor hesab edən Rüstəm İbrahimbəyov nə bir kino, nə məqalə belə yazmadı. 20 Yanvar faciəsi baş verəndə bu şəxs bir dəfə də olsun etiraz olaraq bəyanat vermədi. Rüstəm İbrahimbəyov hər zaman da deyir ki, rejissoram. Əgər xalqına bağlısansa heç olmasa millətimiz üçün çəkdiyin filmlərindən biirini nümunə göstər. Bunlardan sonra bu insanda millətə, xalqa qarşı hansı bağlılıqdan söhbət gedə bilər? Onun yazdıqlarını oxuyanda düşünürsən ki, qanında ermənilik olmayan insan bu sözləri deyə bilməz. Nə təklif etsən qanında erməni qanı olmayan insan Azərbaycan xalqını, islamı, türkçülüyü belə şəkildə təhqir edə bilməz. Rüstəm İbrahimbəyov yazır ki, "ermənilərin Bakıdan çıxması azərbaycanlıların mədəni səviyyəsini aşağı saldı". Nə zaman erməninin mədəni səviyyəsi yüksək olub? Şuşadan yüzlərlə xanəndə, bəstəkar, yazıçı çıxıb. Dağlıq Qarabağda yaşayan ermənilərdən bir nəfər də olsun belə istedada malik olan çıxıb? Bundan böyük Azərbaycan xalqını təhqir etmək olardımı? Əlbəttə ki, yox, amma Rüstəm İbrahimbəyov bu addımı atdı. Bu gün belə düşüncə tərzinə malik olan insanlar Azərbaycanda hakimiyyətə gəlmək arzusuna düşüb".

Şuşa RİH-in başçısı Bayram Səfərov isə Azərbaycanın artan iqtisadi imkanlarından, aparılan infrastruktur layihələrin coğrafiyasının daha da genişlənməsindən danışaraq Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq təşkilatlar və qüdrətli dövlətlər tərəfinədən dəstəklənməsini diplomatiyamızın uğuru kimi dəyərləndirib: "Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyi tərəfindən artan maraq deməyə əsas verir ki, ölkəmizin haqq işi mütləq qalib gələcək, bütün qaçqın və köçkünlər doğma torpaqlarına qayıdacaqlar. Qaçqın və köçkünlərlə keçirilən görüşlərdə birmənalı olaraq bildirilir ki, qarşıdakı prezident seçkilərində doğma evlərindən didərgin düşən 1 milyondan artıq soydaşımız Prezident İlham Əliyevi dəstəkəyəcək".

Tədbirin sonunda YAP-a yeni üzv olanlara partiyanın vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə