Elşən Musayev: “Siyasi dezertir Rəsul Quliyev belə etiraf edir ki...”

Elşən Musayev: “Siyasi dezertir Rəsul Quliyev belə etiraf edir ki...”

"Ortalıqda məlum dinləmələrlə bağlı Azərbaycanın radikal müxalifətinin maraqlarını təmin edəcək heç bir qərar və nəticə yoxdur. Bu dəqiqdir. Hətta öz içlərində olan siyasi "dezertir" Rəsul Quliyev belə, bu dediyimi mətbuata ünvanladığı yazılı müraciətlə təsdiq və etiraf edib. Daha dəqiqi, radikal qanadın həmin dinləmələrdəki iştirakını ironik eyhamla birtərəfli təşəbbüsdən doğan özfəaliyyət adlandırıb. Odur ki, mövzunu yekunlamağın və ona nöqtə qoymağın tam zamanı olduğunu düşünürəm. Onsuzda haqqında danışılan siyasi ridumentlərin sərgilədiyi destruktiv fəaliyyət heç bir zaman şikayət , giley etməkdən, ağzını göyə tutub boğazdan yuxarı pafoslu fikirlər söyləməkdən, saxta demokratiya görüntüsü yaratmaqdan o yana keçməyib. Yəni təəccüblənəcək bir durum yoxdur. Sadəcə uğursuz və məramsız rəqiblərimizin ifasında növbəti şouya cəhd var. Bu cəhdə də iqtidar tərəfi öz arqumentləri ilə imkan vermir deyə proses qarşı tərəfin timsalında artıq hallusinasiya mərhələsinə keçib. Olmayan şeyləri görməyə, deyilməyən şeyləri eşitməyə başlayıblar". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Helsinki Komissiyasının ABŞ Konqresində təşkil etdiyi dinləmələrin yekunu ilə bağlı radikal müxalifət qanadının yaratmağa çalışdığı saxta ajiotaj cəhdinə münasibət bildirərkən söyləyib

"Həmin dinləmələr iyulun 16-da keçirilib. Təfsilatları da hər birimizə məlumdur. Helsinki Komissiyası həmin tədbirə dəvət göndərdiyi heyətlə həm də balans yaratmaq istəyib. Hərçənd, çox da uğursuz alınıb. Niyə? Çünki, həmin o bəlli ünsürlər nəinki Azərbaycanı, heç müxalif qanadı belə təmsil etmək üçün mənəvi haqqın yiyəsi deyillər. İctimai-siyasi sektorda, cəmiyyət içində sıfırdan aşağı reytinqin sahibləridirlər. Yaxşı bəs belə olan halda, həmin insanların dediyi hansı söz xalqın və millətin tələbi kimi qiymətləndirilə bilər? Kimdir Eldar Namazov, kimdir Erkin Qədirli? Ətraflarında neçə nəfər fikir dəstəkçiləri var bunların? Hansı ideoloji sektoru təmsil edirlər? Və ya, bu adamlar bir tək Amerika Konqresində hansısa yüzüncü dərəcəli adamla, ya da ixtiyari bir "papka daşıyan"la dostdurlar , şəxsi münasibətlər qurublar -əvəzində də səviyyələrinə uyğun olmayan məclisə dəvət alıblar deyə Azərbaycan haqqında iftira, şantaj dolu danışmaqda sərbəstdirlərmi? Kim verib onlara bu haqqı? Yoxsa beynəlxalq aləmi avammı hesab edirlər?

Eldar Namazov həmin tədbirdə Milli Şuranın nümayəndəsi olaraq biabırçı, rüsvayçı bir çıxış edib. Təbii, buna çıxış demək mümkünsə. Çünki format olaraq ağzına və ağlına gələni danışmağa daha çox bənzəyir. Niyə? Orasını da deyim. Əvvəla, həmin pafoslu ifada Azərbaycanın milli maraqları və mənafeyi ilə bağlı kəlmə belə kəsilməyib. Çıxış bütünlüklə hakimiyyət əleyhinə yönəlib. Az qala yalvarış formasında seçkilərlə bağlı siyasi dəstək istənilib, iqtidara qarşı sanksiyalar tələb olunub. Amma reneqatlığın zirvəsi, siyasi riyakarlığın simvolu olan bu adamın, Eldar Namazovun bir dəfə də olsun ağlına gəlməyib ki, Qarabağ adı səsləndirsin. BMT-nin xəbərsiz qətnamələrindən danışsın. Məkan da, məqam da uyğunkən illərdir ləğvinə çalışdığımız 907-ci düzəlişin eyhamını vursun.

Və ya, ortalıqda yenə Azərbaycan Prezidentinin üçüncü namizədliyi ilə bağlı polemika açılıb. Həm də dəxilsiz bir məkanda. Səviyyəsiz bir formada! Adamdan soruşan lazım ki, Konqres məgər MSK-dır, yoxsa Konstitusiya Məhkəməsi-filandır? Onlar sizə qanunmu təsdiq edir, yoxsa Prezidentmi seçir? Nə mənası var bu cür absurd müzakirələrin? Nə qazanırsız bu cür söz və vaxt itkisi ilə?

Üstəgəl ortalıqda dünyanın da izlədiyi və qəbul etdiyi Referendum aktı varkən...

Eldar Namazov deyir ki, Azərbaycan məmurlarına qarşı Maqnitski qanunu tətbiq edilməlidir. Amma fərqində deyil ki, bu dəqiqə Maqnitskidən çox İbrahimbəyovski qanununa ehtiyac var. Turistik səfərlərdən başı açılmayan bu dırnaqarası lider özündə təpər tapıb ölkəyə qayıtsın, ortalıqda qalan zavallı fanatlarına, kamikadzelərinə sahib çıxsın deyə.

Konqresdə saxta pafosla iddia olunan bir başqa məqamsa Milli Şuranın tərkibi ilə bağlıdır. Guya Azərbaycanın bütün ziyalıları, aparıcı siyasi partiyaları, media kapitanları, Qeyri Hökumət təşkilatları və s bu qurumda təmsil olunur. Yaxşı bəs sizdən başqası niyə görə bilmir bütün bunları? Hardadır həmin insanlar? Məzuniyyətmi götürüblər, siyasi orbitdənmi çıxıblar yoxsa daha vacib işləri var deyə fəaliyyətlərini dondurublar?

Azərbaycan qaçqınının haqqı müdafiə olunacaq yerdə Eldar Namazov hansısa terroristin, narkomanın, cinayətkarın haqqını müdafiə edib. Beynəlxalq aləmi hüquqi nuhulizmi dəstəkləməyə, anarxiyanın müdafiəçisi olmağa çağırıb. Yaxşı,o zaman ölkə qanunları nə üçündür bəs? Və ya bir tək siyasi mənsubiyyət var deyə hər kəs ağlına gələni etməkdə sərbəstmi olsun? Bunumu təbliğ edir cənab Namazov?

Seçki məcəlləsi haqda danışılıb. Sərbəst toplaşma azadlığı ilə bağlı iradlar bildirilib. Ritorikanın da anası bax elə bu yerdə ağlar qalır və ya belə deyək: Radikal müxalifətin elektoratı yoxdursa, buna məcəllə neyləsin? Keçirdikləri qanuni aksiyalara 200-300-dən çox adam gəlmirsə buna dövlət, Helsinki komissiyası neyləsin? Sizə muzdlu nümayişçilərmi tutsun? Sizin üçün təbliğatmı aparsın?

Ortalıqda vahid namizəd yoxdur e, ilk öncə bundan danışsın Namazov! Özlərinə lider seçdikləri adamın səsi hər gün bir məkandan gəlir. Varlığı "Skype"görüntülərindən o yana keçmir. Burdakılarsa başsız bədənə bənzəyirlər. Bütün fəaliyyətləri, strategiyaları pərakəndədir. Kimin əli kimin cibində, kimin nəfsi kimin ovcundadır, bəlli olmaz bir duruma gəlib artıq. Və nə qəribədir ki, bu ağılla, bu təfəkkürlə hələ bir də bizlərə rəqib olmaq iddiasındadırlar...".

Bütün xəbərlər Facebook səhifəmizdə