İlham Əliyev Şabran rayonuna səfərə gedib. SİA-nın məlumatına görə, dövlət başçısı Şabran şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılıb. Binanın ətrafda əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınıb.
Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Buradakı fotostendlərdə Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapıb. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.
Qeyd olundu ki, binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmış, bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da vardır.
Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 7,5 milyon manat vəsait ayrılıb. Layihənin ümumi smeta dəyəri 9,3 milyon manatdır. Uzunluğu 36, eni isə 8-10 metr olan avtomobil yolunun əsaslı təmirinə 2012-ci ilin iyulunda başlanılmış, 2013-cü ilin iyununda başa çatdırılıb.
Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosial yönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni, o cümlədən Taxtalar, Qələgah, Dağbilici, Zöhramlı, Pirəbədil, Sumaqova, Qorğan, Kilvar, Zeyvə, Mumlu və Sumaqova-Qazma kəndlərini əhatə edir. Yol boyunca 25 su keçidi inşa olunmuşdur. Burada 14 metr uzunluğunda körpü də salınıb.
Yeni yolla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB