Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində təşkil olunan iftarda iştirak edib
ABŞ-da səfərdə olan Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan parlamentinin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında türkdilli xalqların ən nüfuzlu diaspor təşkilatlarından sayılan Türk Amerikan Alyansı tərəfindən iyulun 17-də ABŞ Konqresində təşkil olunan iftarda iştirak ediblər. SİA-nın məlumatına görə, tədbirdə keçmiş senator Riçard Luqar, Konqresin üzvləri Şeyla Cekson Li, Devi Devis, Korrin Broun, Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov, Konqresin Aparatının çoxsaylı təmsilçiləri və ABŞ-da yaşayan türkdilli xalqların nümayəndələri də qatılıblar.
Mərasimdə çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-ın türkdilli dövlətlərlə əməkdaşlığının əhəmiyyətindən bəhs etmiş və son zamanlar bu münasibətlərin daha da gücləndiyini vurğulamışdır. O, eyni zamanda, çoxşaxəli Azərbaycan-ABŞ əməkdaşlığının beynəlxalq və regional təhlükəsizliyə ciddi töhfə verdiyini bildiriblər.
Milli Məclisin deputatı Asim Mollazadə isə Azərbaycan və ABŞ arasındakı tərəfdaşlığın ortaq maraqlarla yanaşı, eyni dəyərlərə söykəndiyini vurğulamışdır. O, diqqəti hər iki ölkənin paylaşdığı dəyərlərin təşviq edilməsi baxımından ikitərəfli tərəfdaşlığın əhəmiyyətinə yönəldib.
Səfir Elin Süleymanov Türk Amerikan Alyansının və bu Alyans çərçivəsində fəaliyyət göstərən çoxsaylı diaspor təşkilatlarının ABŞ-da yaşayan türkdilli xalqların mövqeyinin, eləcə də Birləşmiş Ştatların türkdilli dövlətlərlə olan münasibətlərinin inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir. O, eyni zamanda, hazırda dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətlərinin hər iki xalqın maraqlarına cavab verdiyini vurğulayıb.
E.Süleymanov mərasim iştirakçılarının diqqətini Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Konqresdə keçirdiyi çoxsaylı görüşlərin ikitərəfli münasibətləri daha da dərinləşdirmək baxımından əhəmiyyətinə cəlb edib.
Eyni zamanda, tədbirdə keçmiş senator Riçard Luqar, Konqresin üzvləri Şeyla Cekson Li və Dəni Devis çıxış edərək və ABŞ-ın türkdilli dövlətlərlə olan əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB