Əli Əhmədov Zaqatalada YAP-ın fəalları ilə görüşüb FOTOLAR

Əli Əhmədov Zaqatalada YAP-ın fəalları ilə görüşüb FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov bu gün partiyanın Zaqatala rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın Şimal-qərb bürosunun verdiyi məlumata görə, tədbirdən öncə qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Konfransda YAP Sədrinin müavini ilə yanaşı Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və partiya fəalları da iştirak edib. Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Habil Qurbanov açaraq 72 ərazi dairəsini özündə birləşdirən və 7 mindən çox üzvü olan rayon təşkilatının fəaliyyətindən danışıb. Bildirib ki, təkcə son 6 ay ərzində 207 gənc YAP sıralarına daxil olmaq üçün müraciət edib.

YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, ölkədə gedən abadlıq, quruculuq işləri, insanların sosial rifah halının günü-gündən yaxşılaşması, siyasi sabitliyin qorunub saxlanması Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edir. Məhz bu əsaslar xalqın növbəti seçkilərdə də vahid namizədinə - İlham Əliyevə səs verəcəyinə inam yaradır.

Tədbirdə çıxış edən YAP Zaqatala rayon təşkilatı Qadınlar Şurasının sədri Vəfa Süleymanova, Təşilatın qocaman fəalı Ənvər Kərimov və YAP Gənclər Təşkilatının rayon təşkilatının sədri Ramin Həsənov da son illər ölkədə aparılan uğurlu siyasətdən söhbət açıblar. Qeyd ediblər ki, qarşıdan gələn Prezident seçkilərinində də YAP rayon təşkilatı təbliğat-təşviqat kampanyasında fəal iştirak edəcək.

Tədbirin yekununda Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək ölkə prezidentinin bölgələrin inkişafını daim diqqət mərkəzində saxladığını vurğulayıb. Bu siyasətin bariz nümunəsi kimi son 10 ildə rayonda aparılan abadlıq, quruculuq işlərini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə