Aydın Mirzəzadə: ""Milli Şura"dakıları milli maraqlar, demokratiya, xalq, vətən maraqlandırmır"
Aydın Hüseynov: ""Milli Şura" heç bir uğur qazanmayacaq"
"Milli Şura" daxilində baş verənlərə YAP-ın Siyasi Şurasının üzvləri - millət vəkili Aydın Mirzəzadə və Aydın Hüseynov münasibət bildiriblər:
Aydın Mirzəzadə, millət vəkili:
- "Milli Şura"dakıları milli maraqlar, demokratiya, xalq, vətən qətiyyən maraqlandırmır. Onlar yalnız şəxsi mənafeləri üçün çalışırlar. Belə insanları isə xalq heç vaxt dəstəkləmir. "Milli Şura" hələ yaranmadan onun böhranda olduğunun, problemlər içində boğulduğunun hamımız şahidi olmuşuq. Hesab edirəm ki, "Milli Şura" müxalifətin yaranmamış iflasa uğrayan növbəti birliyidir. Əvvəllər olduğu kimi, burada da qarşıdurmaların, ittihamların daha dəhşətli olacağını proqnozlaşdırmaq olar. Sonda isə birlik fəaliyyətini dayandıracaq. Çünki müxalifətin təqdim etdiyi "Milli Şura" cəmiyyətin sosial sifarişi deyil. Onlar nə millidir, nə də millətin mənafeini düşünürlər. Onlar xalqdan, vətəndən uzaq olan insanlardır.
Azərbaycanda keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin qalib gələcəyi artıq indidən bəllidir. Ona görə ki, İlham Əliyevi cəmiyyətin bütün təbəqəsi tam şəkildə dəstəkləyir. Xalqımız özünün lideri cənab İlham Əliyevə inanır, onun növbət seçkilərdə də qalib gəlməsini istəyir və dəstəkləyir.
Müxalifətin seçkidən seçkiyə təqdim etməyə çalışdığı müxtəlif birliklər birmənalı olaraq uğursuzluqla nəticələnib və sonuncunun da əvvəlkilərin taleyini yaşayacağı mütləqdir. Bunun başlıca səbəbi həmin birliklərə Azərbaycan ictimaiyyətində sosial sifarişin olmamasıdır. Digər tərəfdən müxalifətin yaratdığı qurumlar əsasən xarici anti-Azərbaycançı dairələrə xidmət edən, biri digərinin məhdud sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır. Xaricdən maliyyələşən, istiqamətlənən, anti-Azərbaycançı şəbəkəyə xidmət edən dağıdıcı müxalifət və onun birlikləri isə iflasa məhkumdur.
Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü:
- Bunun adını "Milli Şura" qoymaq olmaz. Onlar heç bir funksiya yerinə yetirmir və xalq üçün heç bir iş görmürlər. Bu təşkilatda təmsil olunanlar da millətini sevən şəxslər deyil. Başçıları Rüstəm İbrahimbəyovun isə milliliyə heç bir aidiyyatı yoxdur. R.İbrahimbəyov əvvəllər heç vaxt müxalifətə elitar gözlə baxmayıb, heç vaxt müxalifət xeyrinə heç bir söz söyləməyib. İndi necə oldu ki, bu insan gəlib müxalifətin liderinə, rəhbərinə çevrildi? Bu insan öz dilimizdə belə səlis, təmiz danışa bilmir. Belə adamın milliliyə nə aidiyyatı ola bilər? R.İbrahimbəyov hər zaman ermənilərlə dostluq edib və ölkəmizin milli-mənafeini düşünməyib. Belə insan necə milli şəxs sayıla bilər?! Onu da qeyd edim ki, AXCP və Müsavatın özlərinin gücü olsaydı R.İbrahimbəyovu heç özlərinə yaxın buraxmazdılar. Təbii ki, R.İbrahimbəyovun da heç bir gücü-qüvvəsi yoxdur. Uğur qazanmaq məsələsinə gəldikdə isə, deyə bilərəm ki, hər zaman bir-birini təhqir edən, söyən, bir-birinə böhtan atan insanlar indi öz mənafeləri naminə gəlib hansısa qurumda təmsil olunursa, onlar heç vaxt uğur qazana bilməzlər. Çünki onlar bir-birlərinə düşməndirlər və bu düşmənçilik sonda yenə də onların yeni yaratdıqları qurumdan uzaqlaşmaları ilə nəticələnəcək. Belə olan halda, elə indidən demək olar ki, "Milli Şura" heç bir uğur qazanmayacaq. Müxalifətdə ikiüzlülük, satqınlıq adi hala çevrilib. Müxalifətindən çıxan növbəti eybəcərliklərdən biri də "Milli Şura"dır. Bu ideyanın nə siyasi yükü var, nə də milliliyi. "Milli Şura" tərkibini elan etməmiş çat verməyə başlamışdı və bu çat bu gün də daha da böyüyərək bu qurumu dağıdır. Bu qondarma qurum ağlı itirmiş insanların təsis etdiyi və heç kəsə lazım olmayan, heç bir faydası olmayan bir qurumdur. Bu qurum sosial sifariş əsasında yaranmayıb. Buna görə də, artıq dağılır. Bu qondarma qurumda təmsil olunanların heç biri xalqını düşünən, milli maraqlara önəm verən insanlar deyillər. Bu insanlar Azərbaycanın müstəqilliyinin məhv olmasını, xalqın zülm çəkməsini istəyənlərdir. Belə insanları isə xalqımız heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək. Azərbaycan xalqı öz seçimini artıq edib. Bu seçim Cənab Prezident İlham Əliyevdir. Xalqımız ötən seçkilərdə olduğu kimi bu il keçiriləcək prezident seçkilərində də Cənab İlham Əliyevi dəstəkləyəcək. Çünki xalq İlham Əliyevə qəlbən inanır.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB