Baş konsul baş direktorla görüşüb

Baş konsul baş direktorla görüşüb

Azərbaycanın Dubaydakı Baş konsul Pərviz İsmayılzadə Limanlar, Gömrük və Azad Zona Departamentinin icraçı sədri, Dubay Gömrüyünün baş direktoru Əhməd Butti Əhmədlə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğu vurğulanmış və Azərbaycan Respublikası ilə Dubay Əmirliyi arasında birbaşa əlaqələrin sürətlə inkişaf etdiyi qeyd edilib. Baş konsul Pərviz İsmayilzadə ötən il Dubayda Azərbaycan Respublikası Baş konsulluğunun təsis edilməsinin və Dubay Ticarət və Sənaye Palatasının ilk xarici və regional nümayəndəliyinin Bakıda açılmasının sözügedən əlaqələrin parlaq nümunəsi olduğunu bildirib.

Pərviz İsmayılzadə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əlverişli biznes və investisiya mühitinin yaradıldığı, Azərbaycanın ixracatçı ölkəyə çevrildiyi barədə həmsöhbətinə məlumat verib.

Azərbaycanın çox gözəl ölkə olduğu, respublikamızın və paytaxt Bakı şəhərinin son illər ərzində sürətlə inkişaf etdiyi barədə məlumatlı olduğunu bildirən Əhməd Butti münasib vaxtda ölkəmizi ziyarət etmək arzusunda olduğunu bildirib.

Görüş zamanı Azərbaycanda istehsal olunan yeyinti məmulatlarının, kənd təsərrüfatı məhsullarının, milli brend və markaların Dubaya ixrac edilməsi və yerli bazarlarda satışının həyata keçirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə