Millət vəkili: “Serj Sərkisyan tutduğu mövqedən geri çəkilməyəcək” MÜNASİBƏT
"Ermənilər tarix boyu reallıqlarla barışıb, öz iddialarını cilovlamağı bacarmırlar nəticədə isə daha böyük itkilərə məruz qalırlar". Bunu SİA-ya millət vəkili Rasim Musabəyov Azərbaycanda keçirilən möhtəşəm hərbi parada münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən möhtəşəm hərbi parad göstərdi ki, ermənilərin Rusiya ümidləri heç də özünü doğrultmur: "Ermənilər Rusiyanın və diasporlarının köməyi ilə hər zaman Azərbaycandan üstün mövqedə dayanacaqlarını düşünüblər. Ancaq Azərbaycanın yeritdiyi düzgün xarici siyasət bu mövqeləri dağıtmağa başlayıb. Beynəlxalq aləmdə Azərbaycan erməni lobbisini yerinə oturdur. Eyni zamanda Azərbaycanı dəstəkləyən parlamentlər tərəfindən bəyanatlar qəbul olunur və heç də ermənilərə xoş getməyən Xocalı soyqırımı dünyada uğurla tanıdılır".
Politoloq qeyd edib ki, Azərbaycanda keçirilən hərbi parad bir daha göstərdi ki, ermənilərin narahatlığına baxmayaraq, Rusiya pulu qarşılığında daha müasir silahları hər zaman Azərbaycana satmağa maraqlıdır: "Erməni mətbuatından da məlumdur ki, onlar hərbi paraddan narazıdırlar. Ancaq nə qədər narazı olsalar belə, öz patronları Rusiyaya qarşı çıxa bilmirlər. Ona görə ki, Rusiyanın dəstəyi olmadan nə iqtisadi-siyasi, nə də hərbi cəhətdən Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında deyillər. Hər bir halda paradda nümayiş olunan texnika və ordumuzun imkanları erməniləri öz iddialarından geri çəkilməyə vadar edə biləcək üsullardan biridir".
R.Musabəyov vurğulayıb ki, ermənilərin ağılları olsa, geri addım ataraq varlıqlarını qoruyarlar: "Ermənilər tarix boyu şikayətləniblər ki, yaşadıqları ərazi onlara azlıq edir. Amma Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Cənubi Qafqazı 1.5 milyon erməni tərk edib. Münaqişə davam etdikcə Ermənistanın heç bir iqtisadi perspektivi olmayacaq. Düşünmürəm ki, Ermənistan prezidenti Serj Sərkisyan tutduğu mövqedən geri çəkilməyəcək. Reallıq isə budur ki, Ermənistanın Azərbaycanla ayaqlaşmaq üçün pulu yoxdur. Ona görə də Avropanın bəzi ölkələrinin qapıların döyürlər ki, onlara yardım etsinlər. Ermənilərə yardım üçün donor konfranslarının keçiriləcəyi vəd olunsa da, görünən odur ki, onlar indiki siyasətlərindən əl çəkmələrinə dair məsləhətlərdən başqa heç nə əldə etməyiblər".
Millət vəkili hesab edir ki, Azərbaycanın hərbi gücü, diplomatik səyi və Ermənistanı himayə edən dövlətlərin təzyiqi nəticəsində danışıqlar prosesini ölü nöqtədən çıxarmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB