Vitse-prezident: “Bu məsələlər birbaşa Avropa deputatlarının nəzərinə çatdırılıb”

Vitse-prezident: “Bu məsələlər birbaşa Avropa deputatlarının nəzərinə çatdırılıb”

"Bu gün artıq Avropada Azərbaycan diasporunun təşkilatlanma mərhələsi başa çatdırılıb və lobbiçilik istiqamətində addımlar atılıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beneliüks azərbaycanlıları konqresinin prezidenti, Avropa azərbaycanlıları konqresinin vitse-prezidenti Sahil Qasımov deyib.

Onun sözlərinə görə, bu gün lobbiçilik qarşıda duran əsas vəzifələrdən biridir: "Çünki, lobbizim özü bir diplomatiyadır. O, xalq diplomatiyası və ənənəvi diplomatiyadan fərqlənir. Lobbizim Avropa ölkələrində, eləcə də dünyanın inkişaf etmiş ölkələrində çox sınanmış lobbist təşkilatdır. Benelüks azərbaycanlıları konqresi Avropa Birliyində akkreditə olunub. Bu məsələlər birbaşa Avropa deputatlarının nəzərinə çatdırılıb və Azərbaycanla bağlı məsələlər araşdırılır. Beləcə, lobbiçilik daha geniş vüsət almağa başlayıb. Bu yolda daha geniş addımlar atılacaq".

S.Qasımov Niderland Krallığının parlamentində ötən ilin dekabr ayının 10-da Dağlıq Qarabağ məsələsinin qaldırıldığını da diqqətə çatdırıb: "Bu cür tədbirlərin keçirilməsi daha da çoxaldılmalıdır. Çünki biz artıq ənənəvi diaspora məsələlərindən bir az da irəli getməliyik. Bizim ağrılı məsələlərimiz çoxdur və bunu ən yüksək səviyyədə həll etmək üçün öz gücümüzü bir yerə qoymalıyıq".

Sonda, qonaq bu gün Bakıda keçirilənTürkdilli ölkələrin Əməkdaşlıq şurasına üzv dövlətlərin diaspora rəhbərlərinin I Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə