Siyavuş Novruzov: "Avropa Parlamentinə cavabımız çox sərt olmalıdır" MÜNASİBƏT

Siyavuş Novruzov: "Avropa Parlamentinə cavabımız çox sərt olmalıdır" MÜNASİBƏT

Milli Məclisin iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə və Avropaya Azərbaycanla bağlı məlumat göndərən qeyri-hökumət təşkilatları sərt tənqid olunub. SİA-nın məlumatına görə, millət vəkili Siyavuş Novruzov çıxışında bildirib ki, qətnamədə onlara "donos" verən 52 QHT barədə məlumat verilir, lakin adları çəkilmir.

"Qətnamədə guya İlqar Məmmədovun prezident seçkilərində real namizəd olduğu üçün həbs edildiyi qeyd olunub. İlqar Məmmədov heç bələdiyyə seçkilərində real namizəd ola bilməz. Küçəyə çıxıb adamlardan soruşsanız ki, İlqar Məmmədov kimdir, onu heç 3 nəfər tanımır. Bu, Azərbaycana təzyiqdir. Sosioloji sorğu keçirilsə, məlum olar ki, ictimaiyyətdə heç kim onu tanımır",- deyə S. Novruzov fikirlərinə əlavə edib.

Siyavuş Novruzov onu da qeyd edib ki, qətnamə Azərbaycanın uğurlarına, həyata keçirdiyi layihələrə kölgə salmaq məqsədini daşıyır: "Avropa Parlamentinə cavab olaraq qəbul edəcəyimiz qətnamə çox sərt olmalıdır".

Spiker isə S. Novruzova cavab olaraq deyib ki, Avropada Azərbaycanın dostları olsa da, belə məqamlarda səslərini çıxarmırlar.

Milli Məclisin Avropa Parlamenti-Azərbaycan Əməkdaşlıq Komitəsinin həmsədri, vitse-spiker Valeh Ələsgərov deyib ki, vacib məqamlarda Əməkdaşlıq Komitəsinin iclası keçirilməyib: "Biz yalnız ildə bir dəfə görüşürük. Lakin Əməkdaşlıq Komitəsi olaraq il ərzində tez-tez görüşməli və qanunvericiliklə bağlı məsələləri müzakirə etməliyik. Böyük qardaş ideologiyasını və mövqeyini qəbul etmirəm. Avropa Parlamenti kimdir ki, onun dediyi ilə oturub-duraq?! Yunanıstanda əhalinin 28 faizi işsizdir, bu insanların problemləri ilə məşğul olsunlar. 2007-2008-ci ildə Gürcüstanın NATO-ya, sonra da Avropa Birliyinə daxil olacağını bildirirdilər. Sonra nə oldu, Gürcüstanın arxasında durdularmı?".

Deputat Asəf Hacıyev isə Milli Məclisin bəyanatının adının Avropa Parlamentinə cavab yox, "Avropa Parlamentinin 32 deputatına cavab" qoyulmasını təklif edib: "Eurovision" müsabiqəsi keçirilən zaman Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Düşündüm ki, indi Azərbaycanda hansı gözəl hadisə baş verib ki, Azərbaycana qarşı qətnamə qəbul ediblər?! Bu yaxınlarda sıralarında 600 min insanı birləşdirən Yeni Azərbaycan Partiyasının qurultayının keçirildiyini xatırladım".

Bütün xəbərlər Facebook səhifəmizdə