Aydın Hüseynov: “Bu gün dövlətimizin Cənubi Qafqazda nüfuzu çox yüksəkdir”

“Azərbaycan qazandığı uğurlara, nailiyyətlərə görə, Ulu öndər Heydər Əliyevə borcluyuq”
Aydın Hüseynov: “Bu gün dövlətimizin Cənubi Qafqazda nüfuzu çox yüksəkdir”

"15 İyun "Milli qurtuluş Günü" birmənalı şəkildə Azərbaycan xalqının qurtuluşudur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 15 İyun "Milli Qurtuluş Günü"nün tarixi əhəmiyyətindən danışarkən deyib.

A.Hüseynov bildirib ki, əgər 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, biz bugünkü müstəqil Azərbaycandan söhbət aça bilməzdik: "Azərbaycan milləti olacaqdı, ancaq Azərbaycan dövləti olmayacaqdı. Biz əsrlər boyu dövlətimizin yaradılması uğrunda mübarizə aparmışıq. 1991-ci ildə müstəqilliyimiz elan olunsa da, bu müstəqillik çox kövrək idi. 1992-1993-cü ilin əvvəllərində elə bir situasiya yarandı ki, artıq konkret olaraq ölkəmizin müstəqilliyi itirilə bilərdi. Həm Azərbaycanın daxilindəki səriştəsiz rəhbərlər, həm də ölkəmizin hüdudlarından kənarda olan qüvvələr birləşərək, çox böyük məkrli planlar hazırlamışdı. Bu məkrli planların qarşısını almaq isə hər bir siyasətçiyə nəsib ola bilməzdi. O qədər mürəkkəb bir situasiya yaradılmışdı ki, yalnız Ulu öndər, böyük siyasi, dövlətçilik təcrübəsinə malik olan və bütün bunların fövqündə Azərbaycan xalqına dərin məhəbbət bəsləyən, sözün əsl mənasında öz canını xalqına qurban verməyə hazır olan Heydər Əliyev Azərbaycanı bu bəlalardan xilas etdi. Bizim bugünkü uğurlarımızın kökündə məhz o gün dayanır. Hətta çox vaxt deyirik ki, Azərbaycanın gələcək taleyi necə olacaq, bilinmirdi. Əslində, bu məlum idi. Çünki həmin planlar çoxdan hazırlanmışdı. Azərbaycan ayrı-ayrı quberniyalara bölünmüşdü. Cənubda separatçı qüvvələr özlərinə bir dövlət yaratmışdılar. Azərbaycanın şimalında isə separatçı qüvvələr şimaldakı super gücə arxalanmışdı. Ölkəmizin ən qədim şəhəri Gəncədə qiyam baş vermişdi və oranı da silahlandıran məhz kənar qüvvələr idi".

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün bunların qarşısı alındı: "Bu gün Azərbaycan unikal bir dövlət olaraq tanınır. Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan nüfuzlu bir dövlətə çevrilib. Ulu Öndər Heydər Əliyevin 15 İyunda hakimiyyətə gələrək müəyyənləşdirdiyi strategiya bu gün də prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün dövlətimizin Cənubi Qafqazda nüfuzu çox yüksəkdir. Bu uğurlara görə isə Ulu öndər Heydər Əliyevə, onun nurlu şəxsiyyətinə, simasına borcluyuq".

Bütün xəbərlər Facebook səhifəmizdə