Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının ikinci hissəsi davam etdirilir. SİA-nın məlumatına görə, əvvəlcə tədbirdə Azərbaycan respublikasının bölgələrindən olan qadınların Qurultaya təbrikini əks etdirən video çarx nümayiş olunub və təbrik teleqramı səsləndirilib.
Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdən ibarətdir. Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Qurultayda işçi orqanlarının tərkibinə, Katiblik komissiyasına, Mandat komissiyasına və Redaksiya komissiyasına üzvlər seçilib.
Daha sonra iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova "Qadın sahibkarlığının dəstəklənməsində innovativ yanaşmanın tətbiq edilməsi" mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, son 10 ildə əməkhaqqı 6 dəfə artıb: "Əgər 1990-cı illərin əvvəllərilə müqayisədə yoxsulluğun səviyyəsi hər iki nəfərdən biri idisə, hazırda bu 6 faiz təşkil edir. Sahibkarlığın inkişafına Dövlət dəstəyi xeyli artıb. İqtisadiyyatda özəl sektorun payı 83 faiz təşkil edir. Bununla belə Azərbaycanda iqtisadi inkişafın, tərəqqinin yüksək səviyyədə davamlı artımı üçün hərtərəfli şərait yaradılıb".
Ombudsman Elmira Süleymanova vurğulayıb ki, Ümmilli lider Heydər Əliyevin hər bir kəlamı bizim ürəyimizdədir: "Bu gün biz qadınlar Azərbaycan dövlətində öz hüquq və azadlıqlarımızı həyata keçirməklə yaşayırıq. Belə olan təqdirdə sual ortaya çıxır. Bəs, bu zaman biz nələr etməliyik? Hesab edirəm ki, Azərbaycan qadını harada çətinlik varsa, elə oradaca çalışmalıdır".
Milli məclisin insan hüquqları komitəsinin üzvü, millət vəkili Flora Qasımova "Qaçqın və məcburi köçkün qadınların cəmiyyətə sosial inteqrasiyası" mövzusunda məruzə ilə çıxış edərək deyib ki, Azərbaycanın regionda qüdrətli dövlətə çevrilməsinə görə, ölkə qadınları böyük fəxarət hissi duyur: "Hər kəsə də məlumdur ki, Azərbaycan 155 dövlətin səsverməsi ilə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Ölkəmizdə 310 min qadın qaçqın vardır. Təkcə, Xocalıda bir gecə ərzində 106 qadın öldürülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında dünyanın 50-dən artıq ölkəsində "Xocalıya Ədalət" kampaniyası keçirilir. Hazırda ölkəmizin təhsil sahəsində 4 min 543 nəfər qadın çalışır".
"Siyasi proseslərdə qadınların rolu" mövzusunda fikirlərini bildirən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva qurultayın 15 İyun "Milli Qurtuluş Günü" ərəfəsində təşkil olunduğuna görə əvvəlcə hər kəsi bu bayram münasibətilə səmimi qəlbdən təbrik edib. YAP iyunun 7-də keçirilən V qurultayına toxunan N.Əliyeva deyib ki, prezident İlham Əliyevin namizədliyinin təsdiqlənməsi düzgün seçim və qərardır: "Bu gün ölkəmizin sürətli inkişafı, tərəqqisi hər kəsin sevincinə səbəb olub. 1995-96-cı illərdə YAP-ın sıralarına xeyli sayda qadın daxil olub. Hazırda YAP-ın 600 min üzvünün 49 faizini, partiyanın İdarə heyətinin 21 nəfərini və YAP Siyasi Şurasının 90 nəfərini də qadınlar təşkil edir".
Daha sonra Bakı şəhər baş səhiyyə idarəsinin müdiri Elmira Əliyeva "Qadın sağlamlığının qorunması", AR Prezidenti yanında QHT-lərə dövlət dəstəyi şurasının üzvü Rəna Mirzəzadənin "Cəmiyyətin inkişafında qadın QHT-in rolu və dövlət siyasəti" Mədəniyyət və turizm nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva "Ölkədə mədəniyyətin və incəsənətin inkişafında qadınların rolu və nailiyyətlər" mövzularında çıxışlar ediblər.
Qurultay nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlanacaq və qurultayın qətnaməsi qəbul olunacaq.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən qurultay "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.
Mərasimə bədii hissə ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB