Sədaqət Vəliyeva: Ermənistan diktatorları bütün region üçün təhlükə mənbəyinə çevrilib

Sədaqət Vəliyeva: Ermənistan diktatorları bütün region üçün təhlükə mənbəyinə çevrilib

"Bu problem həddindən artıq aktual, eyni zamanda, hiddət doğurucudur. Bu məqamdan dəfələrlə Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində beynəlxalq qanunvericiliyə zidd fəaliyyətlə məşğul olmasını diqqətə çatdırmışıq. Hətta, bütün çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan cənab Prezident İlham Əliyev də Ermənistanın işğal olunmuş ərazilərdəki qanunsuz fəaliyyətini pisləyib". Bunu SİA-ya YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Milli Məclisin plenar iclasında deyib.

Sədaqət Vəliyeva bildirib ki, bir sıra beynəlxalq təşkilatların hesabatlarında "boz zona" kimi qeyd edilmiş Dağlıq Qarabağın çirkli pulların yuyulduğu, insan alverinin baş alıb getdiyi, hektarlarla narkotik plantasiyalarının mövcud olduğu, cinayətkarlar yuvasına çevrildiyi göz önündədir: "Əlbəttə ki, milli təhlükəsizlik orqanlarımızın bu yaxınlarda keçirdiyi əməliyyatların da nəticəsində bəlli oldu ki, Ermənistanın hərbi xuntası Dağlıq Qarabağı narkotacirlərin və terrorçuların yuvasına çevirib. Burada, eyni zamanda, Yaxın Şərq regionunda döyüşən muzdlular, terrorçular da hazırlanır. Həmçinin, gizli silah satışları da nəzarətsiz qalmış Dağlıq Qarabağ vasitəsilə reallaşdırılır. Göründüyü kimi, korrupsioner, terrorçu və çirkin işlərin əsas icraçısı olan Ermənistan diktatorları bütün region üçün təhlükə mənbəyinə çevriliblər. Əgər beynəlxalq birlik ortaya birmənalı mövqe qoysa, münaqişə bitsə, Azərbaycan tarixi ərazilərinə nəzarəti ələ keçirsə, o zaman bu cür böyük təhlükəli halların qarşısı alınar".

Millət vəkili diqqətə çatdırıb ki, çox təəssüflər olsun ki, hər zaman Azərbaycandan demokratiya, hüquq tələb edən qüvvələr nədənsə, Ermənistandan torpaqlarından zorla qovulmuş 1 milyon qaçqın və məcburi köçkünün haqqını sormur? Və ya BMT Təhlükəsizlik Şurasının Liviya haqqında çıxardığı qərar 2 saat ərzində reallaşdırıldığı halda, 1992-ci ildən qəbul edilmiş qətnamələr hələ də kağız üzərində qalıb: "Bütün bunlar dünyada hələ də ədalətsizliyin olduğunu nümayiş etdirir. Ona görə də, sülhsevər, ümumbəşəri ideallara öz töhfəsini verən xalq kimi bizlər hakimiyyətin ətrafında sıx birləşməli, hər zaman olduğu kimi, monolitliyimizi nümayiş etdirməli, eyni zamanda da, dünya ictimaiyyətinə müraciətlər etməliyik ki, bu ədalətsizlik aradan qaldırılsın, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinə son verilsin. Əminəm ki, sonsuzluğa qədər Ermənistan dünya güclərinin maraqlarına xidmət etməyəcək. Zaman gələcək ki, Ermənistan etdiyi bütün cinayətlərə görə cavab verəcək. Məncə, gücümüzü həmin günə qoruyub saxlamalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə