YAP-ın prezidentliyə namizədi İLHAM ƏLİYEVDİR

Bu gün Bakıda, "Buta" sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşılayıblar.
Partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söyləyib. Dövlətimizin başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.
Sonra YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, YAP Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İsmayılova, Laçın rayonu Ağsaqqallar Şurasının sədr müavini Əmirxan Zeynalov, Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədova, Milli Məclisin deputatı Yevda Abramov, Masallıdan müəllimə Mehparə Məmmədova çıxış ediblər.
Daha sonra YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərar layihəsini oxuyub.
Qurultay 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarı yekdilliklə qəbul edib.
Prezident İlham Əliyev yekdil səslə yenidən YAP-ın sədri seçilib.
Sonra partiyanın Siyasi Şurasının 90 nəfərdən, idarə heyətinin 21 nəfərdən ibarət tərkibləri, partiyanın sədr müavinləri, icra katibi, icra katibinin müavinləri və mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçilib.
Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirdi və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.
Qurultay Azərbaycanın dövlət himninin səslənməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə