Çingiz Qənizadə: “Türkiyə hökuməti proseslərə nəzarəti daha da artırmalıdır”
"Türkiyədə məlum hadisələr səbəbiylə ola bilər ki, hansısa bir xarici dövlət siyasi provakasiyalar marağında olsun və qəzəbli kütləyə müəyyən dəstəkverici addımlar atsın". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə Türkiyədə baş verən hadisələri şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, hadisələrin baş verməsi tarixi köklərə söykənən "Gezi Parkı"nda aparılan yeni tikinti işlərinə etirazdır: "Yüz illərdir insanların istirahət məkanı, İstanbulun simvolu olan bir ərazidə parkın sökülərək, ticarət mərkəzi tikilməsi xalqın etiraz səsini ucaltmağa məcbur etdi. Hesab edirəm ki, məlum qarşıdurmalardan sonra ola bilər ki, Türkiyədə müəyyən dövlətlərin marağı daha da artsın. Təsadüfi deyil ki, polislə qarşıdurmalardan sonra Suriya dərhal bəyanat verdi ki, Ərdoğan hökuməti istefa verməlidir. Halbuki Bəşər Əsəd artıq yüz minlərlə insanın qanına boyanmış diktatordur. Hesab edirəm ki, bu məsələ çox ağrılıdır. Çünki Türkiyə bizə qardaş dövlətdir. Türkiyə hökuməti ilə xalq arasında belə uçurumun yaranması bizi dərindən sarsıdır. Buna baxmayaraq hesab edirəm ki, insanlara qarşı zorakılıq hərəkətləri, bibər qazından istifadə yolverilməzdir. Artıq Türkiyənin bir çox şəhərlərində çoxsaylı insanların tutulması, xəsarət alması və ölüm faktı var. Bu hadisələr bizi çox narahat edir. Belə zorakılıq hərəkətlərinə son qoyulmalıdır. Xarici ölkələrin Türkiyəyə artan təzyiqini sonrakı hadisələrin gedişində axtarmaq lazımdır. Çox güman ki, bəzi dövlətlərin Türkiyədə maraqları artacaq. Həmin dövlətlər insanların daha çox küçələrdə qalması üçün müəyyən təriqətlərin nümayəndələrini, təbliğat dəstələrini Türkiyəyə göndərə bilərlər. Bununla yanaşı həmin qüvvələrə maddi yardımın edilməsi də istisna edilmir. Türkiyənin iqtisadi, siyasi və hərbi gücünü qəbul etməyən dövlətlər "payız baharı"nın bu ölkədə də ayaq tutmasına çalışırlar. Hesab edirəm ki, Türkiyə hökuməti proseslərə nəzarəti daha da artırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB