YAP bu gün də ölkənin ən kütləvi və aparıcı siyasi qüvvəsi olaraq qalır
Mayın 30-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının növbəti konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Ərəstun Cavadov, YAP-ın məsul işçisi Həsən Daşdəmirov, YAP rayon təşkilatının sədri Ramiz İbrahimov, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov konfransda çıxış edərək ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, ötən illərdə qazandığı uğurlardan, ölkənin tərəqqisindəki xidmətlərindən danışıblar. Bildirilib ki, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib və bir qədər sonra xalqın iradəsi ilə bu siyasi qurumun sədri ölkə Prezidenti seçilib.
Konfransda məlumat verilib ki, 1993-cü il martın 6-da təsis edilmiş YAP Göyçay rayon təşkilatı hazırda öz ətrafında 7393 partiya üzvünü birləşdirir ki, onlardan 4382 nəfəri qadınlar, 2817 nəfəri isə gənclərdir. Bu gün rayonda partiyanın 88 ərazi təşkilatı fəaliyyət göstərir.
Çıxışlarda YAP üzvlərinin fəal həyat mövqeyi, hüquqi dövlət quruculuğunda və ictimai siyasi proseslərdə yaxından iştirakı xüsusi vurğulanıb. Natiqlər qeyd ediblər ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bu gün də ölkənin ən kütləvi və aparıcı siyasi qüvvəsi olaraq qalır və öz sıralarında 600 mindən artıq insanı birləşdirir.
Tədbirdə YAP-ın V qurultayına nümayəndələr seçilib. Bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB