“ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri”

“ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri”

Bu gün Bakıda "Gələcəyə baxış" Azərbaycan-ABŞ forumu çərçivəsində "ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri" mövzusunda sessiya keçirilib. SİA-nın məlumatına görə, sessiyada Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Milli Məcilisin deputatı Səməd Seyidov, ABŞ-ın Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn MakNab və Stratfor Qlobal Araşdırma Şirkətinin rəhbəri Corc Fridman iştirak edib.

Sessiyada çıxış edən Hafiz Paşayev deyib ki, tədbir özlüyündə çox böyük anlam daşıyır. Diqqətə çatdırılıb ki, belə bir tədbirin Azərbaycanın Dövlət Müstəqilliyinin yaranmasının 95-ci ildönümünə təsadüf etməsi xüsusilə təqdirəlayiq haldır: "Biz Şərqdə ilk parlamenti olan ölkəyik. Burada qadınların səsvermə hüququnu təmin etmişik. Ölkəmiz daim müstəqilliyə can atıb və bu yolda bütün sərhədlərə sinə gəlib. Sevindirici haldır ki, biz "ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri"ni məhz paytaxt Bakıda müzakirəyə çıxardıq. Buna görə, bütün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm".

ABŞ-ın Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn MakNab Bakıya gəldiyindən şad olduğunu bildirib. O qeyd edib ki, burada dostlarla, xaricdən gələn nümayəndələr ilə ABŞ-Azərbaycan münasibətlərini müzakirə etmək qürurverici amildir. O vurğulayıb ki, prezidentlərdən, səfirlərdən başlayaraq ABŞ-ın bütün istəkləri həyata keçirilib: "Pakistan dövləti sərhədlərini bağladığı müddətdə ABŞ Azərbaycan vasitəsilə Əfqanstanla əlaqələrini davam etdirib. Təbii ki, burada səfirliklərin də böyük rolu olub. Bu gün yüklərin 40 faizi Azərbaycan üzərindən Əfqanstana və əks istiqamətdə daşınmaqdadır. Burada Azərbaycanın xidmətlərini qeyd etməmək yalnışlıq olardı".

Daha sonra çıxış edən Milli Məcilisin deputatı Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycan ilə ABŞ arasında yüksək dostluq əlaqələri mövcuddur. O bildirib ki, Azərbaycan dinamik inkişaf edən ölkədir və burada baş verən həra hansı bir proses onun inkişaf əlaqələrin söykənir: "ABŞ-Azərbaycan strateji əməkdaşlığına gəlincə isə deyə bilərəm ki, biz tək Azərbaycanın neft və qazını Avropaya daşımaq barəsində düşünməməliyik. Prezident İlham Əliyevin də söylədiyi kimi biz neft gəlirlərini insan kapitalına çevirməliyik. Hesab edirəm ki, burada mədəniyyət də mühüm rol oynayır".

Digər natiq, Stratfor Qlobal Araşdırma Şirkətinin rəhbəri Corc Fridman vurğulayıb ki, 5 il bundan öndə 100 illik kitabını dərc etdiyi zaman Azərbaycanın ABŞ-a çox mükəmməl bir tərəfdaş olacağını söyləmişdi: "Biz artıq soyuq müharibədən sonrakı dönəmi yaşayırıq. Avropa çox acınacaqlı vəziyyət yaşayır, İspaniyada işsizlərin sayı getdikcə artır, Fransa ilə Almaniya arasındakı fikir ayrılığı bu cür məsələləri daha da qabardır. NATO özünü artıq doğrultmur. ABŞ bu gün elə bir müttəfiq siyasət aparmalıdır ki, ölkənin maraqlarına da xidmət etsin: "Hesab edirəm ki, Azərbaycanın bütün imkanları dünyaya bir daha nümayiş etdirilməlidir".

Daha sonra sessiya sual-cavab əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə