Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü, 28 May-Respublika Günü və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rəsmi qəbul keçirilib. Baş Konsulluqdan SİA-ya verilən məlumata görə, rəsmi qəbulda Azərbaycan və İranın dövlət himnləri səsləndirilib, keçirilən tarixi günlərin mahiyyəti barədə məlumatlar verilib.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, dövlət quruculuğu, xarici və daxili siyasəti, İranla münasibətləri barədə məlumat verib. Baş konsul, müstəqilliyimizin yenidən bərpası uğrunda ilk addımların Ümummilli lider Heydər Əliyevin hələ Naxçıvana rəhbərliyi dövründə atıldığını və onun 1993-cü ildə Azərbaycan hakimiyyətinə yenidən qayıdışından sonra apardığı müdrik siyasət nəticəsində qorunub saxlanıldığını qeyd edib: "Heydər Əliyevlə başlanan hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, Azərbaycan Respublikası hazırda dünyanın stabil inkişaf edən ölkələrindən birinə çevrilib".
Əli Əliyev son 10 ildə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, təhsil, idman və sair sahələrdə əldə etdiyi nailiyyətlər haqqında məlumat verərək, Azərbaycanın daxili və xarici siyasətinin əsas prioritetinin ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu qeyd edib. O, aparılan məqsədyönlü işlər nəticəsində Ermənistanın işğalçı siyasətinin artıq hamıya məlum olduğunu bildirib.
Əli Əlizadə Azərbaycanın beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə əlaqələrindən, islam həmrəyliyinə verdiyi töhfələrdən, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi uğurlu fəaliyyətindən bəhs edib. O, dost və qonşu ölkə olan İran İslam Respublikası ilə əlaqələrə də böyük önəm verdiyini bildirib.
Baş konsul, iki ölkə münasibətlərinin əhəmiyyətindən danışaraq 28 May-Respublika Günü və Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Təbrizdə də qeyd olunmasının məmnunluqla qarşılandığını ifadə edib.
Rəsmi qəbulda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri də çıxış edərək İran-Azərbaycan əlaqələrinin inkişaf mərhələlərindən bəhs edib, İran tərəfinin təbriklərini çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair film nümayiş olunub və rəsmi qəbul Azərbaycan xalq mahnılarından seçmələrin sədası altında verilən ziyafətlə davam etdirilib. Rəsmi qəbulda yubiley tortu kəsilib, iştirakçılara Azərbaycan həqiqətləri ilə bağlı əyani materiallar paylanılıb.
Qeyd edək ki, rəsmi qəbulda İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Təbriz şəhər İcra Hakimiyyəti başçısının müavini, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin bir sıra nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB