Dünya Bankı və BVF Parlament Şəbəkəsinin illik konfransı keçirilir YENİLƏNİB-FOTOLAR

Dünya Bankı və BVF Parlament Şəbəkəsinin illik konfransı keçirilir YENİLƏNİB-FOTOLAR

Bu gün Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransı keçirilib. SİA-nın xəbərinə görə, illik konfrans Dünya bankı, BVF də daxil olmaqla, beynəlxalq maliyyə təşkilatlarından yüksək vəzifəli şəxslərin, vətəndaş cəmiyyətini və tərəfdaş təşkilatlarının liderlərini, 200-dən artıq şəbəkə üzvlərini bir araya gətirən parlament şəbəkəsinin nümunəvi tədbiridir.

Tədbirdə çıxış edən Parlament Şəbəkəsinin prezidenti, Belçikanın deputatı Alan Desteks qonaqları salamlayıb və Bakıda olduqlarına görə, ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Bildirilib ki, bu il keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransının əsas məqsədi sosial müdafiə vasitəsilə inkişaf etmiş, yeni yaranan, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hər tərəfli artımı təmin etmək; iqlim dəyişikliyini yumşaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq; hasilat sənayesi sektorunda düzgünlüyün təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir. Qonaq qeyd edib ki, burada 72 ölkədən nümayəndə təmsil olunur: "Bakı çox gözəl şəhərdir. Biz Azərbaycanla Avropa arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsinə görə, Azərbaycan Milli Məclisin deputatı Elxan Süleymanova dərin təşəkkürümüzü bildiririk. Azərbaycanın təbii sərvətləri, resursları dayanıqlı inkişaf proqramı ilə vəhdət təşkil etməlidir. Azərbaycanda yoxsulluğun səviyyəsi 7,2 faiz aşağı düşüb və ölkə iqtisadi böhrandan uğurla çıxıb. Ölkə öz iqtisadi mövqeyini qorumaq üçün çox ciddi addımlar atır. Beləcə, Azərbaycan getdikcə BVF-nin donoruna çevrilir".

Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafına yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin nümayəndəsinə bu tədbirin təşkilində ölkəmizi seçdiklərinə görə, minnətdarlığını bildirib: "Azərbaycan böyük dinamika ilə inkişaf edən ölkələrdən biridir. Burada ilk neft quyusu 1874-ci ildə qazılıb. Ölkəmizin təbii sərvətləri, mineral ehyiyyatları bütün dünyaya məlumdur. Amma buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı hələ də işğalçılıq mövqeyi ilə seçilir. BMT-nin 4 qətnaməsi hələ də qəbul olunmayıb. 20 ildir ki, danışıqlarda heç bir uğurlu nəticə əldə olunmayıb. Bu da təbii ki, Azərbaycanın bütün sahələrinə mənfi təsir göstərib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan ölkədir".

Azərbaycan respublikasının mərkəzi bankının rəhbəri Elman Rüstəmovun sözlərinə görə, ümumiyyətlə, beynəlxalq maliyyə təşkilatları iqtisadiyyatını gücləndirməlidir. Bu təşkilatlar iqtisadi böhranın qarşısının alınmasında mühüm rol oynayırlar. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan 20 ildə yoxsulluğun səviyyəsinin aşağı endirilməsinə nail olub. Prezident İlham Əliyevin iqtisadiyyata göstərdiyi diqqət və qayğı nəticəsində ölkə iqtisadiyyatı 3 dəfə artıb. 15 ildir ki, iqtisadiyyatda stabillik qorunur. Hazırda Azərbaycanda qlobal yoxsulluq səviyyəsi 40 faizədək aşağı enib. 2008-2010-cu illər ərzində Azərbaycanda orta iqtisadi artım tempi 10 dəfə çox olub. Bütün bunlara məhz Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması nəticəsində nail olunub".

Tədbirdə çıxış edən Dünya Bankının xarici məsələlər üzrə vitse-prezidenti Siril Müller qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi ilk illərdən etibarən parlamentarilər ilə maliyyə qurumları arasında "buzu sındırmağa" nail olub. Hər dəfə bu kimi tədbirlərdə iştirakı zamanı öz həmkarlarıma sual verirəm. Sizlər müzakirələr zamanı parlament üzvləri ilə əməkdaşlıq edirsinizmi? Onların müsbət cavabları məni daha da sevindirir. Hesab edirəm ki, bu konfransın sonunda da uğurlu, səmərəli nəticələr əldə olunacaq. Buna böyük ümid bəsləyirəm".

Daha sonra BVF-nin idarəedici direktoru Kristin Laqardenin və Dünya Bankının prezidenti Jim Yonq Kimin videomüraciəti nümayiş olunub.

Sonra söz alan BVF-nin kommunikasiya departamentinin ictimai əlaqələr şöbəsinin müdiri Sabina Bhatia, Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Henri Kerali və digərləri Bakıda olduqlarına və burada öz köhnə dostlarını görüdüklərinə görə, təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, dünyada 2 milyarda yaxın insan hələ də iş axtarır: "Sizin bu sahə ilə məşğul olan rəhbərliyinizə, liderlərinizə böyük ehtiyacımız var. Ümid edirik ki, iki gün ərzində davam edəcək konfransın sonunda uğurlu nəticələr əldə olunacaq".

Qeyd edək ki, tədbirdə 75 ölkədən 250-yə yaxın qonaq iştirak edir və konfrans AVCİYA-nın dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə