Ziyad Səmədzadə: "Azərbaycanda olan xarici şirkətlərdə həmkarlar ittifaqlarını yaratmaq çətindir"

Ziyad Səmədzadə: "Azərbaycanda olan xarici şirkətlərdə həmkarlar ittifaqlarını yaratmaq çətindir"

"Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə həmkarlar ittifaqlarını yaratmaq çox çətindir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisində UNİCEF-in də dəstəyi ilə "Uşaq hüquqları və biznes prinsipləri" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycan parlamentinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

O, qeyd edib ki, biz bu sahədə xeyli çətinliklərlə üzləşirik: "Uşaq hüquqları ilə bağlı bəzi məsələlərin öz həllini tapmasına baxmayaraq hələ də uşaqların əməyindən qanunsuz istifadə olunur. Dünyada baş verən qlobal maliyyə böhranından daha çox uşaqlar əziyyət çəkir, çünki dünyada baş verən böhranın əsas səbəbini ictimai maraqları toqquşması təşkil edir. Sovetlər dönəmində isə ictimai maraqlar ifadəsi daha qabarıq şəkildə mövcud idi. Bütün bu məsələlərin həllində vətəndaş həmrəyliyi əsas amil olmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda son 10 ildə həyata keçirilən strateji planlamaların əsas məqsədlərindən biri uşaqların müdafiəsi ilə bağlı məsələlər təşkil etməkdir: "Bu gün dünyada uşaqlara illik ayrılan vəsaitin həcmi 200 milyard dollardan çoxdur. Dünyada biznes strukturları uşaqların hüquqlarını pozur və bunun da əsas səbəblərindən biri sağlamlığı təbliğ etməyən reklam roliklərinin mövcudluğudur. Avropada ümumi əhalinin sayına görə, uşaqların payı 12-13 faiz, yaşayış səviyyəsi aşağı olan ölkələrdə isə bu göstərici 45-50 faiz təşkil edir. Hazırda əsas müzakirə mövzusu investisiyanın kasıb ölkələrə necə yönəldilməsidir".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə