Səfir Riçard Morninqstar: Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanların bir yerdə dinc şəraitdə yaşaması ölkəniz üçün çox xoş və baş ucalığı gətirən bir faktdır

Səfir Riçard Morninqstar: Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanların bir yerdə dinc şəraitdə yaşaması ölkəniz üçün çox xoş və baş ucalığı gətirən bir faktdır

Qəbələdə udin icmasının nümayəndələri ilə söhbətlər apardım. Udinlərin Azərbaycanda min illərdir ki, dinc, əmin-amanlıq şəraitində yaşaması onu göstərir ki, ölkənizdə hər bir azsaylı xalq dilindən və dinindən asılı olmayaraq tolerantlıq və hörmət şəraitində yaşaya bilər. Bu sözləri Nic qəsəbəsinə səfər edərək qədim Alban kilsəsi ilə tanış olmuş və dini icmanın nümayəndələri ilə görüşmüş ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə müsahibəsində deyib.

Səfir deyib: "Mənim Qəbələ rayonuna səfərim çox səmərəli oldu. Rayon rəhbərliyi, ABŞ səfirliyinin maliyyə dəstəyi ilə ingilis dilini öyrənən şagirdlərlə görüşüm, Qəbələdə keçirilən beynəlxalq incəsənət sərgisi və "Beltman" piano fabriki ilə, eləcə də Nic qəsəbəsində Alban kilsəsi ilə tanışlığım, rayonun turizm potensialı, sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məndə xoş təəssürat yaratdı".

Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanların bir yerdə dinc şəraitdə yaşaması faktına da toxunan səfir bunu Azərbaycan üçün çox xoş və baş ucalığı gətirən fakt adlandırıb. O deyib ki, Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər bir kəsin dini etiqad azadlığı təmin olunur.

R.Morninqstar Azərbaycanda mövcud olan zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə