Bahar Muradova: “Ermənipərəst mövqe istənilən halda birtərəfli və qərəzlidir” AÇIQLAMA

Bahar Muradova: “Ermənipərəst mövqe istənilən halda birtərəfli və qərəzlidir” AÇIQLAMA

"Hesab edirəm ki, bu cəmiyyətə bir mesajdır və çağırışdır. Həmin çıxışlarda da bu çağırışlar səsləndi ki, müxtəlif təbəqələrin nümayəndələri, siyasətçilər, ictimai xadimlər bu məsələ ilə bağlı öz mövqeyini ifadə etməlidirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sədr müavini Bahar Muradova Avropa Parlamentarilərinin Dağlıq Qarabağa səfər etmələrinə münasibət bildirərkən deyib.

Milli Məclisin sədr müavini deyib ki, biz Avropa Parlamentinin bütövlükdə bu mövqedə olduğunu düşünmürük: "Amma onun ayrı-ayrı üzvlərinin, elə təmsil olunduqları təşkilatın qəbul etdiyi qərarların ziddinə olaraq bölgəyə səfər edirlər və bununla da Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini şübhə altına atan hərəkətlərə yol verirlər. Beləcə onlar beynəlxalq hüququn prinspilərini pozurlar. O hüququn ki, onun prinsipləri də məhz bu ölkələrin birgə səyi ilə müəyyənləşib və hələ onu heç kim ləğv etməyib. Yox, əgər Dağlıq Qarabağın, separatçı rejimin müstəqil olması, bütün dünyadakı mövcud hüquqi sistem və strukturla ziddiyət təşkil edirsə və onlar üstünlüyü DQ-nın tanınmasına verirlərsə, bu artıq onların siyasətdə naşı olduqlarının göstəricisidir".

B.Muradova hesab edir ki, xalqları, millətləri, dövlətləri qarşı-qarşıya qoyan bu kimi hərəkətlərə özünü siyasətçi, parlamentari adlandıran şəxslər yol verməməlidirlər: "Ermənipərəst mövqe istənilən halda birtərəfli və qərəzlidir. Buna görə də biz Milli Məclisdə buna öz etirazımızı bildirdik və bundan sonra da belə hərəkətlər olacaqsa, yenə də adekvat münasibət sərgiləcəyik. Əlbəttə ki, bu insanlarla da ayrı-ayrılıqda iş aparmağa ehtiyac var. Biz onları daha çox məlumatlandırmalı, inandırmalı və onlara yönəlmiş təbliğatlardan çəkindirməliyik ki, bu kimi addımlardan çəkinsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə