Ümummilli lider Heydər Əliyevə həsr olunan kitabın təqdimatı keçirilib YENİLƏNİB-FOTO

Ümummilli lider Heydər Əliyevə həsr olunan kitabın təqdimatı keçirilib YENİLƏNİB-FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyevanın müəllifi olduğu "Əbədiyaşarlıq fəlsəfəsi" adlı kitabın təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin sədr müavini Bahar Muradova və digər qonaqlar iştirak edib.

Tədbiri açıq elan edən Gülçöhrə Məmmədova deyib ki, bu kitab vasitəsilə dahi şəxsiyyət Heydər Əliyevi xatırlayaraq tarixmizi, keçdiyimiz yolu yada salmamaq qeyri-mümkündür. Bu kitabın Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində işıq üzü görməsi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir.

YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov isə deyib ki, Ümummilli lider Heydər Əliyev haqqında yazılan kitabların içərisində "Əbədiyaşarlıq fəlsəfəsi" kitabı da sayılan seçilən əsərlərdən biri olacaq: "Nurlana Əliyevanın kitab yazmaq qabiliyyəti, alim kimi özünü tanıtması bu kitabın kifayət qədər yüksək keyfiyyətlərə malik olmasını şərtləndirən əsas amillərdən biridir. Dahi şəxsiyyət haqqında kitab yazmaq hesab edirəm ki, böyük məsuliyyət tələb edir. Eyni zamanda Ulu öndər Heydər Əliyev haqqında xeyli sayda kitablar yazılır və bundan sonra da yazılacaq. Bəzən cəmiyyətdə Heydər Əliyev haqqında kitab yazmaq səlahiyyəti, haqqı kimə mənsubdur deyə suallar qoyulur, müzakirələr aparılır. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşının yazmaq, düşünmək qabiliyyəti vardır. Bu kitab ciddi arqumentlər və tezislər üzərində qurulub. Nə qədər ki Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev də yaşayacaq".

Milli Məclisin Sədr müavini Bahar Muradova bildirib ki, sözügedən kitabın əsas sujet xətti "Əbədiyaşarlıq" fəlsəfəsi Heydər Əliyev şəxsiyyətinə əbədiyaşarlıq statusu qazandıran keyfiyyətlərdir ki, bu da təbii ki, həyata keçirilən fəaliyyətin konkret nəticələridir. Ayrı-ayrı zamanlarda qələmə alınan bu yazılarda, məqalələrdə əsas sujet xətti Azərbaycan, onun mənafeyi, müstəqilliyi, dönməzliyi, dünyada gedən proseslər və sairədir. Nurlana Əliyeva həyata özünün şəxsi münasibəti ilə fərqlənən və onu özünəməxsus ifadə etməyi bacaran bir şəxsiyyətdir. Onun çox gözəl səlis qələmi və nitqi var".

Daha sonra Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Rəbiyyət Aslanova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak edərək kitbla bağlı dəyərli fikirlərini bölüşüblər.

Tədbirin sonunda isə "Əbədiyaşarlıq fəlsəfəsi" adlı kitabın müəllifi, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxış edərək deyib ki, bu gün hər bir insanın qəlbində, düşüncəsində, fikrində Heydər Əliyev əzəmətli bir heykələ dönüb: "Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi 10 illik fəaliyyətində ən yaxın dövrün və 21-ci əsrin ən mahir siyasətçisi kimi şöhrət qazanıb. Bu şöhrət, Ulu öndərin dəmir iradəsi, onun ideyalarının sərhədlərini keçən qələbəsi, bizim xalqımızın taleyinin qələbəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə