“Ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatmaq üzrədir”

“Ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatmaq üzrədir”

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarov yunanıstanlı həmkarı Dimitris Avramopulos ilə görüş keçirib. SİA-nın xəbərinə görə, təkbətək keçən görüşdə tərəflər Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, regional proseslər, turizm sahəsi və digər mövzularla bağlı müzakirələr aparıblar.

Nazir E.Məmmədyarov bildirib ki, Azərbaycanla-Yunanıstan arasında yüksək səviyyədə əlaqələr mövcuddur: "Ticarət dövriyyəsinin həcmi dörd dəfə artaraq 1 milyard dollara çatmaq üzrədir. 2014-cü ilin yanvarın 1-dən Yunanıstan Avropa İttifaqına (Aİ) sədrlik edəcək. Burada bəzi sazişlərin müzakirəsi olacaq".

Yunanıstanın Xarici işlər naziri Dimitris Avramopulos isə öz növbəsində dəvətə görə, həmkarı Elmar Məmmədyarova dərin minnətdarlığını bildirib: "Turizm naziri kimi ilk dəfə 2005-ci ildə Azərbaycanda səfərdə olmuşam. Həmin səfər bizim ikitərəfli münasibətlərimizə yüksək təkan verib. Bakı çox çevik şəhərdir. Çox şadam ki, bizim əlaqələrimiz yüksələn xəttlə davam edir. Həmkarım E.Məmmədyarovla həmçinin, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini müzkairə etdim. Azərbaycanın TAP layihəsinə Yunanıstan, İtaliya və Albaniya tam dəstək verir. Biz həmçinin iqtisadi böhranla bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq. Rəsmi Afina olaraq biz keçid dövrünün başlanğıcını başlamışıq".

Qeyd edək ki, Yunanıstan Xarici işlər naziri Dimitris Avramopulos səfəri çərçivəsində bu gün ilk olaraq prezident İlham Əliyevlə, daha sonra isə baş nazir Artur Rasizadə ilə görüş keçirib. Ali qonaq daha sonra Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ikitərəfli görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə