Ümummilli liderin 90 illik yubileyi münasibətilə Daşkəsəndə möhtəşəm bayram tədbiri

Ümummilli liderin 90 illik yubileyi münasibətilə Daşkəsəndə möhtəşəm bayram tədbiri

Daşkəsənlilər Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə gəlmişdilər. Bu, səbəbsiz deyildi. SİA-nın verdiyi məlumata görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Daşkəsən rayonunda keçirilən möhtəşəm bayram tədbirləri özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qaldı. Bu münasibətlə rayonda rəngarəng silsilə tədbirlər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunmuşdu.

Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha Ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdiriblər. Qeyd edək ki, aprel ayının 20-dən may ayının 10-dək rayonda Heydər Əliyev günləri elan olunub. Dağlar qoynunda daşkəsənlilər əbədiyaşar Ulu öndərimizə böyük, təntənəli xalq sevgisi, möhtəşəm el məhəbbəti nümayiş etdirirdilər. Bu sevgiyə, bu istəyə tədbir iştirakçıları min alqış söylədilər.

Deyilənlərin nəticəsidir ki, əbədiyaşar Ulu öndərin doğum günü hər il Daşkəsəndə əvvəlki ilə nisbətən daha da yüksək səviyyədə, zəngin, möhtəşəm ümumrayon məhəbbəti ilə qeyd edilir.

Aprel ayının 29-da rayon ictimiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyaraq, ümummilli lideri böyük ehtiramla yad etdilər. Ümumrayon bayram tədbiri rayonun Bayraq meydanındakı parkda təntənəli şəkildə davam etdirilib. Bayram tədbirində iştirak edən Milli Məclisin deputatı, Respublika Ağsaqqllar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatları Elton Məmmədov, Mirkazım Kazımov və başqaları ümumrayon şənliyində iştirak və çıxış ediblər.

Tədbir iştirakçılarının başı üzərində vüqarla dalğalanan Müstəqil Azərbaycanımızın dövlət bayraği hər kəsin qəlbində iftixar, qürur hissin oyadıb. 21 ildən çoxdur ki, bu bayraq vətən səmasında əzəmətlə, vüqarla dalğalanır. Ulu öndərimizin vaxtilə dediyi sözlər indi həyatda özünü necə də müdrikliklə təsdiq edir: " Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət Müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq".

Rayon İcra Hakimiyyətinin başcısı Əhəd Abıyev tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin tarixində əvəzsiz tarixi xidmətlərindən, bu böyük şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda, Azərbaycan keçmiş sovetlər birliyində, ən geridə qalmış aqrar bir ölkə idi. Qısa bir vaxt ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda, o cümlədən Daşkəsəndə, ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rifahı günbəgün artmağa başladı. Artıq, ötən əsrin 70-ci illərinin sonunda, Azərbaycan Sovetlər birliyinin, iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrilmişdi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ən böyük tikinti layihələri Azərbaycana gətirildi. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başladı. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün siyasəti nəticəsində mümkün oldu.

Məhz, 70-ci illərdə həyata keçirilən böyük islahatlar və əldə olunmuş nailiyyətlər bugünkü müstəqil Azərbaycan dövlətinin qurulmasında baza rolunu oynadı.

Rayon İH-nin başcısı Əhəd Abıyev nitqində xatırladıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərimiz yenidən Azərbaycana rəhbərliyə gələndə, ölkəmiz, vətəndaş müharibəsi həddində idi. Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr fəaliyyət göstərirdi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, siyasi partiyalar arasında hakimiyyət uğrunda didişmələr bütün xalqı bezdirmişdi. Məhz belə bir şəraitdə Ulu öndər Heydər Əliyev bir lider kimi Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi, qanunlar bərpa olundu, əmin-amanlıq sabitlik yarandı. Ulu Öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı şirkətlərini Azərbaycana dəvət etdi. Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə, xarici dövlətlər Azərbaycana küllü miqdarda sərmayə qoymağa başladılar.

"Müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Lakin Ulu Öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu Öndərimizə borcluyuq" – deyə qeyd edən natiq bildirib ki, Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır. Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi.

Qeyd olunub ki, ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacaran Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnəkdir, nümunədir.

Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi Heydər Əliyev siyasəti, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, çox böyük uğurla, həm də daha səmərəli davam etdirilir. Xalqımızın milli maraqlarına söykənən və ardıcıl davam etdirilən xarici siyasətimiz, Azərbaycanın nüfuzunu getdikcə artırır. Bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Artıq dünyanın ən aparıcı dövlətləri, Azərbaycanla daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Bu gün, Azərbaycanın haqq səsi, dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bax bütün bunlar, Heydər Əliyev siyasətinin qələbəsidir. Bütün bunlar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, mövcud siyasətin uğurlu, məntiqli davamının nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən respublikamızın bütün şəhər və rayonlarına, o cümlədən Daşkəsənə də qayğı və diqqət göstərilir. Son bir ildə, Daşkəsənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı 4 sərəncam imzalanıb. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Daşkəsəndə "Azərbaycan Polad istehsalı kompleksinin" yaradılması haqqında sərəncam imzalayıb. Bu Sərəncamın icrası nəticəsində rayonumuzda 2000-dən artıq iş yerləri açılacaq və bu sərəncamın icrası rayonumuzun iqtisadi inkişafına çox güclü təkan verəcək. Bu diqqət cənab İlham Əliyevin daşkəsənlilərə olan xüsusi qayğısına əyani sübutdur. Mən bütün bunlara görə dövlətimizin başçısına, cənab İlham Əliyevə, bütün daşkəsənlilər adından dərin minnətdarlığımı bildirirəm: "İndi bütün daşkəsənlilərin qəlbində çox böyük məhəbbətlə cənab Prezidentimiz İlham Əliyevin əbədi heykəli ucalıb. İndi hər bir daşkəsənli, bu diqqətə və qayğıya, əməli işlə cavab verməyi, özlərinin vətəndaşlıq borcu hesab edir".

Bayram tədbirində çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqllar Şurasının sədri Fəttah Heydərov əmin olduğunu bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan əvəzolunmaz Prezidentimiz İlham Əliyevi xalqımız tərəddüd etmədən qarşıdan gələn prezident seçkilərində yenidən dəstəkləyəcək. Fəttah Heydərov qeyd etmişdir ki, bu gün Prezidentimiz İlham Əliyevin səyi nəticəsində Daşkəsən rayonu öz inkişaf mərhələsində yeni zirvələri fəth edir. Daşkəsən istər iqtisadi cəhətdən, istər başqa sahələrdə ən yüksək səviyyədə inkişaf mərhələsindədir.

Sonra Milli Məclisin deputatlarından YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, Elton Məmmədov çıxış edərək Ümumilli Liderin həyat və fəailiyyətindən, Onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərindən bəhs ediblər.

Tədbirdə daha sonra Heydər Əliyev günlərində müxtəlif nominasiyalar üzrə keçirilən tədbirlərdə, idman yarışlarında, eləcə də inşa yazı müsabiqəsində fərqlənmiş gənclərə və məktəblilərə qiymətli hədiyyələr verilib, dövlət qulluğunda nümunə göstərmiş bəzi rayon sakinləri diplom və fəxri fərmanlarla təltif olunublar.

Ümumrayon şənliyində çıxışlardan sonra Daşkəsən rayonunda görüləcək tikinti, quruculuq və abadlıq işlərinin daha da sürətli aparılması üçün tədbir iştirakçılarının alqış sədaları altında ağır texnika karvanı giriş qapısından rayona daxil olub. Daşkəsəndə əsl bayram əhval-ruhiyyəsi yaşanıb.

Tədbirin rəsmi hissəsindən sonra bayram şənliyi respublikanın tanınmış müğənnilərinin iştirakı ilə geniş konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə