“Heydər Əliyev və maliyyə kredit sistemi: nailiyyətlər və çağırışlar” adlı konfrans keçirilib YENİLƏNİB

“Heydər Əliyev və maliyyə kredit sistemi: nailiyyətlər və çağırışlar” adlı konfrans keçirilib YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və maliyyə kredit sistemi: nailiyyətlər və çağırışlar" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov, AMEA-nın həqiqi üzvü, Milli Məclisinin deputatı Ziyad Səmədzadə və digər rəsmi qonaqlar iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra konfrans Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanan qızıl xatirə sikkələrinin təqdimat mərasimi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, bu gün dünyanın sabit və sürətlə inkişaf edən güclü bir iqtisadiyyatının memarıdır: "Ulu öndər 90-cı illərin ortalarında təməlini qoyduğu iqtisadi bazar bu gün xalqın yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir. Müqayisəli təhlillər göstərir ki, bazar iqtisadiyyatına keçidin sürəti və sinergetikasına görə Azərbaycan dünya iqtisadi tarixində xüsusi yer tutur. Ulu öndərin dahiliyi və islahat ustalığı iqtisadi transformasiyanın qısa zamanda uğurla başa çatmasına imkan verib, son 10 ildə dinamik və sıçrayışlı inkişafın təkan bazasını yaradıb. Bank-maliyyə sektorunda sabitləşmə və uğurlu islahat tarixi Ümummilli lider Heydər Əliyevin iqtisadi quruculuq fəaliyyətində ən mühüm nailiyyətlərdən biridir. Ölkəmizin bugünkü inkişafı həm də ölkə başçısı İlham Əliyev tərəfindən ümummilli liderin siyasi kursunun və irsinin uğurla davam etdirilməsi ilə bağlıdır".

Tədbirdə çıxış edən AMEA-nın həqiqi üzvü, Milli Məclisinin deputatı Ziyad Səmədzadə isə bildirib ki, memarı Ulu öndər Heydər Əliyev tərəfindən olan Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib, özünün iqtisadi təhlükəsizliyini təmin edən, güclü iqtisadiyyata çevrilib: "1969-cu ildə Azərbaycanın rəhbəri olan ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafına mane olan bir çox məhdudiyyətlərlə, çətinliklərlə üzləşməli oldu. Ulu Öndər Heydər Əliyev, ilk növbədə iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa bir vaxt ərzində Sovet hökumətində respublikamızın inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu.

Tədbirdə həmçinin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, qaliblərə pul mükafatı ilə yanaşı, Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə hazırlanan xatirə sikkəsi və müvafiq diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə