Azərbaycan Latviya üçün etibarlı və vacib tərəfdaş ölkədir

Azərbaycan Latviya üçün etibarlı və vacib tərəfdaş ölkədir

Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 24-də Milli Məclisdə olub.

Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

Latviya Prezidenti Azərbaycan parlamentinin binası ilə tanış olduqdan sonra Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Latviya arasındakı dostluq münasibətləri müstəqilliyimizin bərpasından sonra yeni müstəvidə daha da inkişaf etmiş və möhkəmlənmişdir. Bu gün əlaqələrimiz çox yüksək səviyyədədir.

Əməkdaşlığımızın daha da genişlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini vurğulayan Oqtay Əsədov deyib ki, indiyədək Azərbaycan ilə Latviya arasında 28 sənəd imzalanıb. Dövlətlərimiz arasındakı hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

O.Əsədov dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qruplarının işini, eləcə də deputatlarımızın beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.

Milli Məclisin sədri Azərbaycanın sürətli inkişafından danışıb, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib.

Prezident Andris Berzinş deyib ki, Azərbaycan Latviya üçün etibarlı və vacib tərəfdaş ölkədir. Biz əməkdaşlığımızın hərtərəfli inkişafında maraqlıyıq. Artıq, 20 illik diplomatik münasibətləri olan ölkələrimiz arasında əlaqələr getdikcə genişlənir.

Andris Berzins deyib ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyir. Hesab edirik ki, bu münaqişə sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.

Görüşdə Azərbaycan ilə Latviya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın, iqtisadi-ticari əlaqələrin inkişafı, birgə biznes forumların və "dəyirmi masa"ların keçirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə