Bu gün Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı" mövzusunda Konfrans keçirilib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdən əvvəl Nazirliyin əməkdaşları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüblər.
Tədbiri giriş sözləri ilə açan iqtisadi inkişaf naziri Şahin Mustafayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olub, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilib: "Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradıb. Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter alıb, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilib. Həyata keçirilən uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuzu günü-gündən artır".
Tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və "Azərsun Holdinq"in prezidenti Abdolbari Goozal Ulu Öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sferalarda köklü islahatların həyata keçirilməsi, iqtisadiyyatın, regionların və sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətləri barədə məruzələrlə çıxış edibər. İqtisadi İnkişaf naziri Şahin Mustafayev Konfransa yekun vuraraq tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu davamının ölkəmizin sürətli inkişafı üçün möhkəm zəmanət olduğunu, Azərbaycan xalqının xoşbəxtliyini gələcəkdə də təmin edəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB