Sərraf Balaxan: “Bu təşkilatlar QHT olmaqdan daha çox, anti-hökumət təşkilatlarıdır” AÇIQLAMA
"Anti-hökumət təşkilatları müasir zamanın formalaşdırdığı cəmiyyətdə insanın qarşılaşdığı problemlərin həllində yüzlərlə təsisatlarla məşğul olurlar. Onların biri də Azərbaycan üçün yeni olan Vətəndaş Cəmiyyəti institutlarıdır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Balaxan deyib.
YAP GB ofisinin rəhbərinin sözlərinə görə, Azərbaycanda bu kateqoriyadan olan təsisatlar dövlətimizin dünya birliyinə inteqrasiyası prosesində götürdüyü öhtəliklərin nəticəsində yaranmağa başlayıb: "Bu proses Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zamanda ümumi bir hal aldı və QHT-lərin yaranması prosesi daha da sürətləndi. Son dövrlərdə isə bu tipli təsisatların daha da genişləndirilməsi və onların fəaliyyəti üçün Azərbaycan dövləti münbit şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranması ölkəmizdə bu sektorun inkişafı üçün ən böyük töhfə oldu. Azərbaycanda QHT fəaliyyəti qanunla tənzimlənir. Bu qanuna əsasən onların məşğul olacaqları istiqamət ancaq ictimai və sosial sahəni əhatə etməlidir. Ölkəmizdə bu istiqamətlərdə fəaliyyət göstərən, vətəndaşların problemlərinin həlli, onların maarifləndirilməsi üçün layihələr həyata keçirən çoxlu sayda təşkilatlar vardır".
S.Balaxan deyib ki, bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi statusu QHT olan, lakin fəaliyyətində siyasiləşdiyi açıq-aydın müşahidə edilən təşkilatlar da vardır: "Bunların əksəriyyəti hazırda Azərbaycanda hakimiyyətə deyil, dövlətçiliyə qarşı müxalifətdə olan partiyaların əlaltıları kimi fəaliyyətdədirlər. Onlar da kölgəsi olduqları müxalif partiyalarının məqsəd və məramlarını əldə rəhbər tutaraq özlərini insan haqlarını müdafiə edən təşkilatlar kimi təqdim edirlər. Mən deyərdim ki, əsas işləri xarici donorlardan aldıqları qrantları öz şəxsi məqsədləri naminə xərcləməkdən ibarətdir. Bu təşkilatlar əgər insan haqlarının qorunması ilə məşğul olurlarsa indiyə qədər niyə yaşamaq hüquqları işğalçı Ermənistan dövləti tərəfindən pozulmuş, yaxınları qəddarlıqla qətlə yetirilmiş bir milyondan artıq vətəndaşımızın pozulan hüquqları haqqında bir toplantı keçirməyiblər? Onların haqlı şikayətlərini Beynəlxalq Məhkəmələrə çıxarmayıblar? Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun 22 maddəsində qeyd edilir ki, "Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər".
S.Balaxan bildirib ki, kənardan baxanda müxalifət partiyalarına xidmət edən bu QHT-lərin qanuna zidd fəaliyyət göstərmədiyini görürsən, lakin gördükləri işin nəticələrinə baxdıqda tamam başqa mənzərə yaranır. Bunların pozulmuş insan haqları, siyasi məhbus məsələləri ilə bağlı qaldırdıqları məsələlər öz donorları tərəfindən xarici mətbuata ötürülərək dövlətimiz haqqında mənfi imic formalaşmasına yardım edir. Dolayısı ilə bu təşkilatlar öz fəaliyyətləri ilə hakimiyyətin deyil, Azərbaycan dövlətinin adına qarayaxma kompaniyasına qoşularaq pul qazanırlar. Hələ bu qəhrəmanlıqlarına görə mükafatlar da alırlar".
Müxalifətin kölgəsi olan belə QHT-lərin fəaliyyətini izləyərkən məlum olur ki, onlar əslində ictimai deyil, siyasiləşmiş institutlardır. Bu təşkilatlar Qeyri-Hökumət Təşkilatı olmaqdan daha çox, anti-hökumət təşkilatlarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB