Elçin Mirzəbəyli: “Sarkisyan baş verənləri diqqətdən yayındırmağa çalışır” ŞƏRH

Elçin Mirzəbəyli: “Sarkisyan baş verənləri diqqətdən yayındırmağa çalışır” ŞƏRH

"İran dövləti ilk dəfə deyil ki, bu kimi məsələləri gündəmə gətirir. Hətta ermənilərin iştirak etdiyi konfranslarda da bu fikirlər səsləndirilib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli rəsmi İran tərəfindən "Türkmənçay müqaviləsinin ləğvi ilə bağlı məsələni şərh edərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, "Türkmənçay" müqaviləsi öz təsir qüvvəsini hələ 1917-ci ildə, yəni bolşevik qüvvələri hakimiyyətə gəldikdən sonra itirib: "Müqavilə Romanovlar sülaləsi ilə Qacarlar sülaləsi arasında bağlanıb. Həmin dövrdə İran adlı dövlət belə mövcud deyildi. Bütöv bir əraziyə isə Azərbaycan türkləri, yəni Qacarlar sülaləsi rəhbərlik edirdi. Buna baxmayaraq, yenə də azərbaycanlılar hakimiyyətdə olublar. Səfəvilər hakimiyyətə gəldikdən sonra isə İran dövlət olaraq status qazanıb. Bu baxımdan səsləndirilən fikirlərin nə hüquqi, nə də tarixi əhəmiyyəti yoxdur. İranın başlıca məqsədi fikirləri ölkəsinin daxilində olan problemlərdən yayındırmaqdır. Bu gün İranda 35 milyondan artıq Azərbaycan türkü yaşayır. Təbii ki, onların hər bir addımında da haqları, hüquqları kobud şəkildə tapdanır. Deyərdim ki, son dövrlərdə beynəlxalq ictimaiyyətin də diqqəti bu məsələyə yönəlib. Hətta BMT səviyyəsində belə İranda, Güney Azərbaycanda hüquqları tapdanan azəri türklərinin məsələlərinə diqqətlə yanaşılır. Digər bir məsələ Azərbaycan dövlətinin mövcudluğudur. İran həmçinin Azərbaycan ərazilərini işğal edən Ermənistana dəstək olmaqla öz siyasətini, məramını açıq şəkildə ortalığa qoyub".

E.Mirzəbəyli Ermənistan prezidenti Serj Sarkisyanın növbəti dəfə səsləndirdiyi sərsəm fikirlərinə də münasibət bildirib: "Ermənistan prezidenti Serj Sarkisyan hər zaman təsadüf nəticəsində yaşayan bir insan olub. Əslində elə ermənilərin və Cənubi Qafqazın mövcudluğu Türkiyə dövlətinin sayəsində olub. Türkiyə Mesopatomiyadan köç edən ermənilərə öz torpaqlarında yer ayırmasaydı, onlara böyük hüquqlar verməsəydi, Cənubi Qafqazda nəinki Ermənistan, heç bir nəfər də olsun erməni olmayacaqdı. Bu baxımdan da hesab edirəm ki, S.Sarkisyanın fikirlərini ciddiyə almaq lazım deyil. Bunu növbəti sərsəm fikir kimi dəyərləndirmək lazımdır. Bu daha çox bölgədə baş verən proseslərdən diqqəti yayındırmağa hesablanmış addımlardır".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan çıxışlarının birində deyib ki, "Əgər Türkiyə dövləti olmasaydı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmış olacaqdı".

Bütün xəbərlər Facebook səhifəmizdə