"Böyük İqtisadi Ensiklopediya"sının təqdimatı keçirilib YENİLƏNİB-FOTO
Bu gün Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqınını sədri Ziyad Səmədzadənin müəllifliyi ilə 5 cildlik "Böyük İqtisadi Ensiklopediya"sının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökümət nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak edib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda da ensiklopediya mədəniyyətinin öz tarixi var: "Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilmiş "Azərbaycan Sovet Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olub. Böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu on cildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrildi. Elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi baxımından bu sanballı nəşr indi də öz möhtəşəmliyini saxlayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə cavab verən yeni ensiklopediyanın yaradılması zərurəti meydana çıxdı. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında", həmçinin "Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncamlar imzalayıb. Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsipi kimi önə çəkilib, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələri müəyyənləşdirilib. Ölkə rəhbəri İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilib".
Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə isə deyib ki, Azərbaycanın müasir iqtisadi-hüquqi, sosial-siyasi sisteminin müxtəlif aspektlərinin geniş işıqlandırılması ensiklopediyanın mühüm fərqləndirici cəhətlərindən biridir: "Burada müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına inteqrasiyasına xidmət edən inkişaf strategiyası, azad bazar munasibətlərinin genişlənməsinin və milli maraqlara cavab verən yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti barədə konkret fakt və dəlillərə istinad edən məqalələr əksini tapmışdır. Ensiklopediyada ölkənin sosial-iqtisadi inkişafını kompleks şəkildə təfərrüfatlandıran milli təbii sərvətləri, sənaye və innovasiya potensialı, sahə və müəssisələrin investisiya imkanları, sosial və istehsal infrastrukturu, dövlət və hökumət strukturları, xarici iqtisadi əlaqələr coğrafiyası, beynəlxalq təşkilatlarda təmsilçilik, milli iqtisadi nailiyyətlər haqqında tutumlu məlumatların elmi-analitik, statistik və qrafik tərtibatda verilməsi ensiklopedik innovasiya kimi qiymətləndirilməlidir. Bir gerçəklikdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlar nəticəsində ölkə iqtisadiyyatında daha geniş möhtəşəmlik əldə olunmuşdur. Milli neft strategiyasının multiplikativ effektləri iqtisadi artımda yeni özək təşkil edəcək qeyri-neft sektorunun formalaşmasına rəvac vermiş, neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi mərhələsinə qədəm qoyulmuşdur. Bu transformasiyanın mühüm elementi olaraq informasiya-kommunikasiya texnologiyaları çıxış etməkdədir".
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkili Eldar İbrahimov, akademik Vasif Məmmədəliyev çıxış edərək Ensiklopediya ilə bağlı dəyərli fikirlərini bildiriblər.
Sonda isə Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək qonaqlara Ensiklopediyada yer alan məsələlər haqqında ətraflı məlumat verib: "Beşcildlikdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin fundamental istiqamətlərinin (inkişafın Azərbaycan modeli, pul-kredit, büdcə, vergi, xarici iqtisadi əlaqələr, iqtisadi təhlükəsizlik, iqtisadiyyatın dövlət tənzimlənməsi, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, dövlət borcu, regional siyasət, iqtisadi rayonlaşdırma, demoqrafiya, məşğulluq, urbanizasiya, təhsil, səhiyyə, xidmət sahələrinin iqtisadiyyatı, informasiya texnologiyaları, turizm iqtisadiyyatı və s.), respublika iqtisadiyyatında, xüsusilə də son 8 ildə baş vermiş böyük kəmiyyət, keyfiyyət dəyişikliklərinin sistemli, müqayisəli təhlilini özündə əks etdirən yazılar verilib, iqtisadi proseslərin, iqtisadi terminlərin mahiyyətinin daha yaxşı mənimsənilməsi məqsədilə 2000-dən çox cədvəl, qrafik və şəkildən istifadə edilib".
Tədbirin sonunda isə "Azərbaycan Ensiklopediyası"nın tarixi keçmişini əks etdirən videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB