“Hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyova nifrət etməlidir”
"Düşünmürəm ki, Azərbaycanda elə bir vətənpərvər tapılsın və o desin ki, Dağlıq Qarabağ ermənilərə məxsusdur. DQ ilə əlaqədar hər bir vətənpərvər azərbaycanlı üçün bundan artıq ölkə maraqlarına zərbə vuracaq bir fikir təsəvvür etmək mümkün deyil". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov özünü ziyalı adlandıran Rüstəm İbraimbəyovun Rusiyanın "Rasbolt" agentliyinə verdiyi müsahibəyə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan cəmiyyəti, hər bir ölkə vətəndaşı bu müsahibədə səsləndirilən fikirlərə aydın münasibətini bildirməlidir: "Ermənilər hələ də Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır, bir milyondan çox ölkə vətəndaşları qaçqın vəziyyətində yaşayır. 21 ildən artıqdır ki, azərbaycanlı qaçqınlar ağır vəziyyətdə yaşayırlar. Azərbaycan höküməti bu problemi həll etmək üçün böyük səy göstərir. Biz bütün dünyaya sübut etməyə çalışırıq ki, DQ Azərbaycan torpağıdır. DQ-nin Azərbaycan torpağı olmadığını ermənilərdən savayı heç kim qəbul etmir. Digər bir tərəfdən DQ-nin Azərbaycan toprağı olmasına dünyada heç kim şübhə ilə yanaşmır. Bu gün bütün dünya bu problemi həll etmək və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üzərində düşünür. Belə olan halda azərbaycanlı, özünü ziyalı adlandıran bir nəfər Rüstəm İbrahimbəyov DQ-nın Azərbaycan torpağı olmasına şübhə ilə yanaşır. Hesab edirəm ki, bu Azərbaycanın milli maraqlarına vurulan çox ciddi bir zərbədir. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, belə bir adam öz ətrafında digər ziyalıları toplayaraq guya ki, hansısa bir siyasi proseslərə qoşulmaq niyyətindədir. Onda belə çıxır ki, siyasi iddialarını ortaya qoyan bir insan Azərbaycanın ərazisi olan DQ-a şübhə ilə yanaşacaq və onun siyasi strategiyası, məfkurəsi də yalnız bu prinsiplər əsasında formalaşacaq. Mən bunu qətiyyətlə pisləyirəm. Bunu Azərbaycan mövqelərinin ermənilər qarşısında satılması kimi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının hər biri bu ifadəyə, yanaşmaya, məfkurəyə və təfəkkürə görə, R. İbrahimbəyova nifrət etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB