BANM “Total E&P Azerbaijan” şirkəti ilə əməkdaşlığa başlayır

BANM “Total E&P Azerbaijan” şirkəti ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi daha bir beynəlxalq şirkətlə əməkdaşlığa başlayıb. SİA-nın verdiyi xəbərə görə, BANM-nin rektoru Elmar Qasımovla "Total E&P Azerbaijan" şirkətinin baş meneceri Kristian Jüdiselli arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə "Əməkdaşlıq Protokolu" imzalanıb. İmzalanma mərasimində Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən BANM-nin rektoru Elmar Qasımov bildirib ki, inkişaf edən Azərbaycan regionun aparıcı dövlətinə və dünyanın aparıcı dövlətlərinin müttəfiqinə çevrilib: "BANM-nin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmizin və ARDNŞ-nin həyata keçirdiyi beynəlxlaq layihələrdə işləyəcək kadrların hazırlanmasıdır. Dünyanın enerji sahəsində tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq BANM üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan böyük təcrübəyə malik "Total E&P Azerbaijan" şirkəti ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir".

"Total E&P Azerbaijan" şirkətinin baş meneceri Kristian Jüdiselli çıxış edərək bildirib ki, "Total E&P Azerbaijan" şirkəti Azərbaycanda fəaliyyətə başladığı gündən bu günə kimi təhsil və kadrların hazırlanması sahəsində bir çox layihələrin həyata keçirilməsinə dəstək verib: ""Total E&P Azerbaijan" şirkəti olaraq BANM ilə əməkdaşlıqdan məmnunluq duyuruq. İnanıram ki, əməkdaşlıq çərçivəsində "Total E&P Azerbaijan" şirkəti Azərbaycanın neft və qaz sənayesinin inkişafına öz töhfəsini verəcək".

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə bildirib ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində belə nailiyyətlər əldə olunması təqdirəlayiq haldır: ""Total E&P Azerbaijan" şirkəti ilə BANM arasında imzalanan bu protokol Fransa ilə Azərbaycan arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir".

Qeyd edək ki, "Əməkdaşlıq Protoklolu"nda "Total E&P Azerbaijan" şirkətinin dəstəyi ilə BANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmas, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin "Total" şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, "Professionallar Assosiasiyası"nın üzvlərinin BANM tələbələrinin Fransa elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etmələrinə yardım göstərilməsi məsələlərinə dəstək verilməsi öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə