“Hər kəs Rüstəm İbrahimbəyov kimilərini öz yerində oturtmalıdır” AÇIQLAMA
"Rüstəm İbrahimbəyovin hər zaman anti-Azərbaycan qüvvələrlə iş birliyində olması, ölkəmizin əleyhinə yönəlik müəyyən kampaniyalarda fəaliyyəti, milli ruhdan uzaq düşməsi, milli hissiyatını itirməsi hər kəsə məlum məsələdir. R.İbrahimbəyov və onun kimilərinin Azərbaycanın çörəyini yeyib, havasını udub, suyunu içib və ölkəmizə qənim kəsilən, düşmən olan, ermənipərəst mövqe sərgiləyərək bəzi dairələrin alətinə çevrilməsi bu insanın iç üzünü bir daha ortaya qoyur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rüstəm ibrahimbəyovun Azərbaycan dövləti əleyhinə Rusiyanın "Rosbalt" agentliyinə verdiyi müsahibəyə münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, hər bir vətəndaş, hər bir sağlam düşüncəli, xalqını, dövlətini, vətənini sevən insan R.İbrahimbəyov kimilərini öz yerində oturtmalıdır: "Axı, R.İbrahimbəyov Azərbaycanın mənafeyi naminə nə kimi işlər görüb? Kim ona bu səlahiyyəti verib ki, o durub Azərbaycanda bu kimi sözləri dilinə gətirir? Ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşüb, torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. R.İbrahimbəyov zərrə qədər də olsa qaçqın və məcburi köçkünlərin çəkdikləri əzabı görməyib. Hesab edirəm ki, bu insan birmənalı şəkildə qaçqınların hüquqlarına, bütövlükdə isə bütün Azərbaycan vətəndaşlarına, ölkəmizin ərazi bütövlüyünü qorumağa cəhd göstərən və şəhid olan insanların ruhuna hörmətsizlik edib. R.İbrahimbəyovun azərbaycanlı adını daşıması böyük faciədir. Hesab edirəm ki, bütün ictimaiyyət, Azərbaycan vətəndaşları birmənalı şəkildə buna öz mövqeyini bildirməli və bu sərsəm bəyanatı lənətləməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB