Parlamentin nümayəndə heyəti ilə görüş keçirilib

Parlamentin nümayəndə heyəti ilə görüş keçirilib

Bu gün Milli Məclisdə Bakıda səfərdə olan Avstriya parlamentinin vitse-spikeri Fridz Noqebaunun başçılıq etdiyi nümayəndə heyəti ilə Avstriya- Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. SİA-nın məlumatına görə, Dostluq qrupunun Azərbaycan tərəfdən olan rəhbəri millət vəkili Cavid Qurbanov bildirib ki, iki ölkə arasında sıx diplomatik əlaqələr var, iqtisadi əlaqələr inkişaf edir, dəmir yol vaqonları alınır, birgə dağ-xizək qurğuları quraşdırılır.

Qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Qurbanov bildirib ki, 20 ildən çoxdur Ermənistan tərəfindən davam edən işğal amili bölgə üçün ciddi təhlükə yaşadır: "Hazırda Azərbaycanda 40 minə yaxın erməni yaşadığı halda, Ermənistanda bir dənə də azərbaycanlı yaşamır".

Daha sonra çıxış edən Noqebaun iki ölkə arasında 20 ildir davam edən çoxsahəli əlaqələrə toxunaraq bildirib ki, bu əlaqələr qarşılıqlı səfərlər çərçivəsində güclənir. Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq bildirib ki, bütün məsələlər sülh və danışıqlar yolu ilə həll olunmalıdır: "Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə də vurğuladıq ki, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasının tərəfdarıyıq".

Görüşdə Azərbaycanın qanunvericilik sistemi barədə qonaqlara geniş məlumat verilib və iki dövlətin parlamentləri arasında əlaqələrin perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə