Ermənistanda rejim xalqı qorxu içində saxlayır

Ermənistanda rejim xalqı qorxu içində saxlayır

Ermənistanda prezidentliyə namizəd Paruyr Hayrikyana qarşı sui-qəsd müxalifət nümayəndələrini qorxutmaq məqsədi daşıyır. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Ermənistanda seçkilər hər zaman siyasi cinayətlər və təzyiqlər altında keçirilir: "Paruyr Hayrikyana qarşı təşkil olunmuş sui-qəsd ölkədə baş verən siyasi təzyiqlər nəticəsində baş verib. Bu həm də bir növ müxalifətdə olan və seçkidə namizədliyini irəli sürən namizədləri qorxutmaq məqsədi ilə təşkil olunub. Bu hadisədən sonra P.Hayrikanın seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətini geri götürməsi də Ermənistanda baş verən siyasi təzyiqlərlə əlaqədardır. Bununla da erməni hakim dairələri ölkə ictimaiyyətini qorxu altında saxlamağa çalışır".

A.Mollazadə P.Hayrikyana qarşı baş vermiş sui-qəsdə dünya birliyinin səssiz qalmasına da münasibət bildirib: "Baş vermiş sui-qəsdə beynəlxalq təşkilatların yumşaq reaksiya verməsi erməni diasporunun fəaliyyəti ilə bağlıdır. Onlar Ermənistanda olan bu cinayətləri ört-basdır etmək üçün çox ciddi fəaliyyət göstərirlər. Ona görə də beynəlxalq ictimaiyyətin Ermənistanla bağlı obyektiv mövqeyi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə