Milli Məclisin Sədri Oqtay Əsədov Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, parlamentin sədri qonaqları salamlayaraq Xorvatiya müdafiə nazirinin Bakıya səfərinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Azərbaycan-Xorvatiya münasibətlərinin dərinləşməsində dövlət başçılarının rolunu xüsusi qeyd edən spiker dedi ki, rəsmi səfərlər və yüksək səviyyəli görüşlər zamanı ölkələrimiz arasında 12 sənəd imzalanıb, daha 13 sənəd isə imzalanma ərəfəsindədir. Bu sənədlər əlaqələrimizin daha da möhkəmlənməsi üçün hüquqi baza yaradıb. Sədr Xorvatiya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda imzalanan anlaşma memorandumunu yüksək qiymətləndirib.
Görüşdə sədr parlamentlərarası münasibətlərdən danışaraq, qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb: "Milli Məclis bir sıra beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası ilə səmərəli əməkdaşlıq edir. Bu günə qədər Bakıda NATO PA-nın bir neçə tədbiri, eləcə də Rouz-Rout seminarları keçirilmişdir. Daha bir tədbirin 2014-cü ildə keçirilməsi nəzərdə tutulub".
Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç ölkəmizə səfərindən məmnunluğunu bildirərək, Bakıda keçirdiyi görüşlərdən razılığını bildirib. O qeyd edib ki, hər iki ölkənin müvafiq qurumları arasında imzalanan anlaşma memorandumu əməkdaşlığımızın daha da dərinləşməsinə yeni imkanlar yaradacaq.
Görüşdə ölkələrimiz arasında qanunvericilik, təcrübə mübadiləsi, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev, Xorvatiyanın ölkəmizdəki səfiri Drajen Hrastiç və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB