Səttar Mehbalıyev: “Qurultayda 1300 nəfərə yaxın nümayəndə iştirak edəcək”

Səttar Mehbalıyev: “Qurultayda 1300 nəfərə yaxın nümayəndə iştirak edəcək”

Sabah Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının növbəti qurultayı keçiriləcək. SİA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, bu il AHİK-nın 5 ili tamam olur: "Bu qurultayı başlamamışdan öncə bütün rayonlarda, iş təşkilatlarında, rayon komitələrində, eləcə də sahə Həmkarlar İttifaqında seçkilər keçirilib. İl yarımdır ki, bu seçkilər davam edib. Seçkilərin yekunu isə AHİK-nın sabahki qurultayı olacaq. Burada 1300 nəfərə yaxın nümayəndə iştirak edəcək. Həmin qurultay Heydər Əliyev adına sarayda keçiriləcək. Bu qurultayda sədr hesabat məruzəsi ilə çıxış edəcək və beş il ərzində AHİK-nın gördüyü işlər haqqında məruzələr dinləniləcək. Eləcə də həmin qurultayda sədr və sədr müavinlərinin seçimi aparılacaq və komissiyalar yenidən formalaşacaq. Bununla belə Həmkarlar təşkilatlarının əsas istiqamətləri haqqında sənədin qəbulu reallaşdırılacaq. Həmçinin AHİK-nın nizamnaməsində əlavə və dəyişikliklərin olması nəzərdə tutulub".

S.Mehbalıyev deyib ki, burada 45 nəfərdən artıq xarici ölkənin Həmkarlar İttifaqlarının nümayəndəsi, 5 nəfər isə beynəlxalq təşkilatdan gələn qonaqlar olacaq.

Bu arada qeyd edək ki, sabah keçiriləcək növbəti qurultayla əlaqədar AHİK-nın sədri Səttar Mehbalıyev başda olmaqla idarənin kollektivi Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Daha sonra Konfederasiya nümayəndələri akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Qonaqlar həmçinin Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə