"Aztelekom" İB gəncləri mükafatlandırdı

"Aztelekom" İB gəncləri mükafatlandırdı

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində (İB) 2 fevral Gənclər günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. M.Məmmədov bildirib ki, Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətin bu sahəyə verdiyi önəmi bir daha təsdiq edib. "Aztelekom" İB-nin rəhbəri dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışıb: "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gənclərimiz tərəfindən daha çox fəallıq nümayiş etdirilməlidir. Bu bayram ulu öndər Heydər Əliyevin gəncliyimizə ən gözəl hədiyyəsidir. Azərbaycan gəncini hər zaman ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən ümummilli liderin sərəncamı ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə Azərbaycan gəncləri forumu keçirilərkən üzünü gənclərə tutan ulu öndər Heydər Əliyev demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun".

M.Məmmədov bildirib ki, ölkə rəhbəri İlham Əliyev də bu siyasəti uğurla davam etdirir: " Möhtərəm Prezidentimiz tərəfindən 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi rabitəçi gənclərin fəaliyyəti üçün əlavə stimul olmaqla bərabər bu il onların daha məsuliyyətlə işləmələrini tələb edir".

Daha sonra "Aztelekom" İB-nin Gənclər Təşkilatının sədri Emil Rzayev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə hesabat verib. Qeyd edilib ki, artıq 16 ildir ki, fevralın 2-si ölkədə Gənclər Günü kimi qeyd olunur. Bu bayram gənclərə milli liderimiz Heydər Əliyevin hədiyyəsidir: "Gənclik bu gün özü-özlüyündə xüsusi qayğını hiss edir və eyni zamanda hər birinin qarşısında qoyulan böyük məhsuliyyətin ciddiliyinin fərqindədir. Çünki bu gün bizlərə göstərilən dövlət qayğısı, qoyulan kapital sabah mütləq mənada xalqa, vətənə xeyirli şəkildə qaytarılmalıdır. Hal-hazırda "Aztelekom"İB-də fəaliyyət göstərən əməkdaşlarımızın əksəriyyətini gənclər təşkil edir. Təşkilatımızın 1447 nəfər üzvü vardır. Onlardan 1322 nəfəri rayonlarda, 120 nəfərdən çoxu isə Bakıda fəaliyyət göstərir. 2012-ci ildə Birliyin strukturlarında işə qəbul edilmiş 181 işçinin 150-dən çoxu gənclər olub. "Aztelekom"İB Gənclər Təşkilatının məqsədi təşkilatlanaraq gənclərimizi düzgün istiqamətləndirmək, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmək və yüksək templə inkişaf edən Respublikamıza dəstək göstərməkdir".

Tədbirdə "Aztelekom" İstehsalat Birliyinin Həmrarlar təşkilatının sədri Bəylər Qurbanov, Qadınlar Şurasının sədri Nataşa Bədəlova, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva, YAP Gənclər Birliyinin Təşkilati məsələlər üzrə Baş koordinatoru Vüsalə Nİftəliyeva, gənc mütəxəsslərdən Aysel Həsənli, Nəbiyev Xalid, Əhmədova Səbinə və başqaları çıxış ediblər.

Tədbir "Aztelekom" İB-nin texniki sahədə əldə etdiyi nailiyətlərini qazanılmasında və birliyin ictimai həyatında fəallıq göstərən gənclərə "Fəxri Fərman"ların təqdim olunması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə