Sahibə Qafarova: “Azərbaycanda KİV-in azad və sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb”
"Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edən dövlətlər müstəqil fikrin əsas daşıyıcılar olan kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli zəmin yaradırlar". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində Avropa dövlətlərində müstəqil KİV-in durumuna dair müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, özlərinin gələcəyindən narahat olan, demokratik dəyərlərin inkişafını öz varlıqları üçün təhlükə kimi görən, vətəndaşlara azad və sərbəst informasiya çatdılmağını istəməyən hökumətlər hər vəchlə KİV-in müstəqil fəaliyyətinin qarşısını almağa, məhdudlaşdırmağa çalışırlar. Təəssüf ki, Avropanın özündə də bu halları müşahidə edirik.
"Amma böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası demokratik dəyərlərə sədaqət nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil mətbuatın inkişafını özünün prioritetlərindən biri elan etmişdir. Ölkə Konstitusiyanda fikir və söz azadlığının təminatı məsələsi təsbit olunmuş, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan olunmuşdur"-deyən, millət vəkilinin bildirdiyinə görə, ölkəmizdə KİV-in maddi texniki bazasının gücləndirilməsi üçün də dövlət tərəfindən çox effektiv addımlar atılmaqdadır.
Bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub, bu konsepsiyadan irəli gələrək isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Daha sonra Sahibə Qafarova vurğulayıb ki, yaradılan müsbət mühitin nəticəsidir ki, Azərbaycanda 4500-dən artıq kütləvi informasiya vasitələri, 3600-dən artıq qeyri-hökumət təşkilatları dövlət qeydiyyatından keçib. Son iki ildə onların dəstəklənməsi və fəaliyyətinin təşviq olunması, maddi-texniki təchizatının gücləndirilməsi üçün dövlət büdcəsindən 15 milyon dollardan artıq vəsait xərclənib:"Bu vəsaitdən müxalifət mətbuatı da yararlanır. Beləliklə də bu gün Azərbaycanda KİV-nin azad və sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb və Konstitusiya çərçivəsində söz, fikir, məlumat azadlığına təminat verilib".
Aqşin Hümbətov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB