“Ermənistan Rusiyanın Cənubi Qafqazdakı hərbi bazasıdır” MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri Kazanda keçirilən görüşdə həmsədrlərin hazırladıqları sənədə "yox" deyiblər. Münaqişənin həllində tərəflərin ittiham olunmasının səbəbləri nədir?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiya bu problemlə bağlı tarixi əlaqələri olan böyük dövlət kimi məsuliyyət daşıyır. Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişənin həlli ilə bağlı məsələni tərəflərin üzərinə atması bir növ məsuliyyətdən yayınmaqdır. Ermənistanın Cənubi Qafqazda bir dövlət kimi formalaşmasını və münaqişənin tarixinə bələd olan hər bir şəxs anlayır ki, bu proseslərdə hansı siyasi rejimin hakimiyyətdə olmasından asılı olmayaraq təcavüzkara xüsusi münasibət olub. Dağlıq Qarabağ problemi ilə bağlı bu məsələlər isə hər zaman aktuallığını saxlayıb. Sadəcə olaraq aktiv və passiv fazalarda mövcud olub. Bu münaqişənin tarixi kökünü ən yaxşı bilənlərdən biri də məhz Lavrovdur. Hesab edirəm ki, Azərbaycanla da tarixən qonşuluq əlaqələri olan və bu gün də iqtisadi-siyasi əlaqələrə malik bir ölkə kimi Rusiya problemin həllinə səmimi yanaşmalıdır. Rusiya bu məsələyə səmimi yanaşarsa, münaqişənin həlli yollarını tapmaq mümkündür.
S.Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin Kazan görüşündə təqdim etdiyi sənədin qəbul olunmamasını Azərbaycan əleyhinə ittiham kimi səsləndirirsə, bu qəbul edilməzdir. Çünki Azərbaycan tərəfi bəyan edib ki, öz ərazisində suveren hüquqlarını bərpa edəcəkdir. Bununla yanaşı ölkəmizin mövqeyi beynəlxalq hüquq tərəfindən qorunur və güclənən Azərbaycan siyasi və qeyri-siyasi vasitələrlə ərazi bütövlüyünü təmin edəcəkdir. Hesab edirəm ki, zamanla Rusiyanın da münaqişənin həllinə müdaxilə imkanları azalacaq. Ona görə də münaqişənin həlli ilə bağlı Rusiyanın əlində imkanlar olduqca, Azərbaycanla münasibətləri nəzərə almalı və ədalətli mövqe nümayiş etdirməlidir.
- Kazan görüşündə həmsədrlər tərəfindən hazırlanmış sənəd ölkə başçıları tərəfindən imzalanardısa, bu, münaqişənin həllinə stimul verə bilərdimi?
- Rusiyanın rəsmi və qeyri rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, Ermənistan "forpost"dur. Ancaq hesab edirəm ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi hərbi bazadır. Belə olan halda hər hansı sənədin necəliyi Rusiya tərəfindən formal xarakterlidir. Sadəcə, münaqişənin həlli istiqamətində aparılan danışıqlar da imitasiya fonu yaradılır. Buna baxmayaraq, Rusiya istədiyi mətnin üzərində israr edərək Ermənistana onu imzalatdıra bilər. Çünki bu gün Rusiyanın Ermənistan üzərində iqtisadi, siyasi və hərbi hegomoniyası mövcuddur. Ermənistan-Rusiya münasibətləri dövlətlər arası münasibətlər deyil, mərkəz-quberniya və ya mərkəz-hərbi baza münasibətləridir.
- Həmçinin S.Lavrov keçirdiyi brifinqdə bildirib ki, bu münaqişənin həll olunması üçün Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi hərəkət etməlidir. Sizcə, indiyə kimi Rusiya Minsk qrupunda üzərinə düşən missiyanı yerinə yetiribmi?
- S.Lavrov keirdiyi brifinqdə deyib ki, "Rusiya ATƏT-in Minsk qrupunun digər üzvləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylərini davam etdirəcək". Bu diplomatik ifadənin tərcüməsi budur ki, hələlik Rusiyanı narahat edən faktor yoxdur. Bununla da Rusiya bu günə qədər həyata keçirdiyi siyasəti davam etdirəcəkdir. Yəni, problemin həlli ilə bağlı konkret addımlar atmayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB