"AzərRos" təşkilatında müəyyən dəyişikliklər olacaq

"AzərRos" təşkilatında müəyyən dəyişikliklər olacaq

"AzərRos" illər öncə Rusiyada yaranmış, bu günə qədər də fəaliyyətini davam etdirən təşkilatdır. Dünyada olan diaspor təşkilatları Azərbaycan dövlətçiliyinə, azərbaycançılığa, Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət edirsə, həmin təşkilatlar bizim yanımızdadır, onlara hər zaman yardıçmı olmağa hazırıq. "AzərRos" təşkilatı da elə təşkilatlardandır". SİA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sdəri Nazim İbrahimov "AzərRos"un sabah keçiriləcək qurultayına münasibət bildirərkən deyib.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, mətbuatda da qeyd olunduğu kimi, "AzərRos" təşkilatında müəyyən dəyişikliklər olacağı gözlənilir: "Burada kimlərin seçilməsi o qədər də əhəmiyyət daşımır, biz siyasi baxışından asılı olmayaraq, bu işə xidmət edən bütün insanları həmişə öz ətrafımızda görürük".

Onun sözlərinə görə, Azərbaycandan kənarda ölkəmizin daxili siyasəti yeridilmir: "Bu siyasəti yeritmək üçün Azərbaycan Respublikası var, Azərbaycanda siyasi fəaliyyət göstərmək istəyən hər bir kəs Azərbaycana gəlib özünün siyasi partiyasını, ictimai hərəkatını yarada bilər. Əgər onlar xaricdə başqa fəaliyyətlə məşğul olacaqsa, bizim də faliyyətimiz ona uyğun qurulacaq".

"AzərRos"un Rusiya tərəfindən idarə olunması barədə sualı cavablandırarkən DİDK sədri deyib ki, əgər federal mədəni muxtariyyatdan söhbət gedirsə, o Rusyanın rəsmi dövlət orqanları tərəfindən maliyyələşdirilən bir qurumdur, təkcə azərbaycanlıların deyil, orada yaşayan bütün milli azlıqların belə bir təşkilatı var.

"Ola bilər ki, müxtəlif təşkilatlarda zaman-zaman rəhbərlik edən şəxslər özlərini gündəmə gətirmək üçün bəyanatlar verirlər. Ümumiyyətlə, Azərbaycanda doğulub böyüməyən, son illər Azərbaycanın daxilindən xəbəri olmayan bəzilərinin daxili həyatımız haqqında verdiyi bəyanatlar var. Biz bunları izləyirik, ancaq hesab edirik ki, yalnış və ümumi işimizə yaramayan hallardır. O təşkilatın keçmiş rəhbərliyinin zaman-zaman Azərbaycan barədə mənfi fikirlərlə çıxış etməsi heç bir ölçüyə sığmır. Biz onun bu fəaliyyətini yaramaz, Azərbaycan dövlətçiliyinə, diaspor hərakatına ciddi zərbə hesab edirik. Belə hallar bizi qorxutmur, narahat etmir, çünki Azərbaycan dövləti çox möhkəm əsaslar üzərində qurulub", - İbrahimov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə