"Sərkisyan əvvəlcə bu kitabı oxusun"

"Sərkisyan əvvəlcə bu kitabı oxusun"

"Məncə, Sərkisyan bu kitabı açıb oxusun və sonra danışsın"

Serj Sərkisyan bu gün Azadlıq radiosuna müsahibəsi zamanı Azərbaycanı Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını, İrəvanın isə tarixi Azərbaycan şəhəri olduğunu iddia etməkdə günahlandırıb. Sərkisyan Azərbaycanı öz adını cəmi 100 il əvvəl alan ölkə adlandırıb, tezliklə İrəvanın 2800 illiyini qeyd edəcəklərini elan edib.

Məsələ ilə bağlı Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəflinin tarixi faktlara əsaslanan cavabını öyrəndik. İrəvan tarixi ilə bağlı son illərin ən iri həcmli və tutumlu elmi cavablarından olan "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının məsul redaktoru Güntəkin xanım erməni mənbələrinin də ermənilərin İrəvana, Azərbaycan torpaqlarına gəlmə olduğunu sübut etdiyini deyib.

"Ermənilərin böyük Ermənistan iddiası başqa xalqların ərazisinin və toponimlərinin mənimsənilməsindən başqa bir şey deyil. Armeniya sözü özü də yunan sözüdür və ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənilərin tarixi yaşayış məskəni Dəclə Fərat sahilləridir. Ermənilərin Cənubi Qafqaza gəlişi isə yalnız XV əsrə təsadüf edir. Qaraqoyunlu hökmdarı Cahanşahın icazəsi ilə 1441-ci ildə erməni katolikosluğunun mərkəzinin Kilikiyanın Sis şəhərindən Azərbaycan ilə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər Cənubi Qafqazda erməni yaşamayıb.Üç Müədzinin də ermənilərlə heç bir tarixi bağı yoxdur. Alban monastırı olan bu yer üç say, müədzin ərəbcə mənası azan oxuyan olan iki sözün birləşməsindən yaranıb. Bir qədər sonra Üç müədzinə yığışan ermənilər Avropa dövlətlərinin dəstəyi ilə Azərbaycan kəndlərini zor və hiylə yolu ilə almağa başlayıb. XVIII əsr müəllifi Simeon İrəvanlı özünün "Cambr" əsərində (Müqəddəs Üçmüədzin kilsəsinin və ətraf monastırların toplusunun müfəssəl aynası və xatirə kitabı) 99-cu səhifədən 129-cu səhifəyə qədər təkcə 23 kəndin azərbaycanlılardan necə, hansı yollarla alındığını yazır. Məncə, Sərkisyan bu kitabı açıb oxusun və sonra danışsın.

XVII əsr müəllifi Yervand Şahəziz "Qədim İrəvan" əsərinin 34-cü səhifəsində İrəvanda ermənilərin yaşamadığını, şəhərdə ticarətlə məşğul olan az sayda erməninin axşamlar ətraf kəndlərə qayıtdığını yazır. Ətraf kəndlər də Üç Müədzin tərəfindən Azərbaycandan qoparılan kəndlər idi.

Daha bir maraqlı fakt isə erməni avantüristi İsrail Oninin 1701-ci ildə I Pyotr üçün hazırladığı 18 bəndli layihənin 4-cü maddəsində yer alan və İrəvanda 300 nəfər erməninin yaşaması ilə bağlı yazdığı qeyddir.

Ermənilərin İrəvana kütləvi axını Rusiyanın işğalından və daha konkret desək 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə müqavilələri ilə başlayıb. Mən istər Osmanlı, İstər Rusiya, istərsə də Avropa arxivlərində işlədiyim zaman Osmanlıdan 100 mindən çox, İrandan isə 40 mindən çox erməninin Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı tarixi faktlarla rastlaşmışam.

Bir daha vurğulamaq istəyirəm ki, ermənilər Cənubi Qafqaza gəlmədir, 1918-ci il 4 iyun Batum danışıqlarına, İrəvan paytaxt elan edilənə qədər burada Ermənistan adlı bir dövlət də mövcud olmayıb".

Sərkisyanın İrəvanın 2800 illiyinin qeyd edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən tarixçi bunun ermənilərin qədim Urartu dövlətini öz adına çıxmaq, İrəvan ərazisinin də haradasa o dövlətin ərazisinə düşməsi iddiaları ilə əlaqələndirib. Tarixçi İrəvan sözünün etimologiyası ilə bağlı da maraqlı fikirlər səsləndirib :"Ermənilər Urartu ərazisindəki Erebuni qalasının indiki İrəvan, Urartu tarixinin isə qədim Ermənistan tarixi olduğunu iddia edirlər. Buna əsas səbəb kimi Urartu mənbələrində 15 erməni sözünün tapılması ilə izah edirlər. Ona qalsa, Urartu mənbələrində yüzlərlə türk mənşəli sözə rast gəlmək olar.

XIX əsr rus müəllifi Zelinitski bu ərazilər haqqında yazanda ermənilərin diqtəsi il İrəvan sözünün "Yerevum" sözündən yarandığını, Yerevumun isə Nuhun gəmisinin bu ərazilərdə dayanması və bu əraziləri görünəndə "Yerevum" deməsi ilə izah edib. Müəllif tatarların isə bu torpağa rəvan, axan mənasında İrəvan dediklərini yazsa da bunların heç biri həqiqətə uyğun deyil.

İrəvan qədim türk sözü olub, yerin günəşə baxan üzü deməkdir. İr yer deməkdir, Kaşğarinin "Divani lüğəti- türk" əsərində, ir yer sözü tanrı sözü ilə eyniləşdirilir. Rəvanqulu xanla bağlı versiya da cəfəngiyyatdır, Rəvanqulu xan burada sadəcə qala tikdirib. İrəvan sözü yer, ir toponimi ilə bağlıdır".

Güntəkin Nəcəfli Ermənistan prezidentinin Azərbaycanı öz adını cəmi 100 il əvvəl alan ölkə adlandırmasına da aydınlıq gətirib. Tarixçi xanım ilk dəfə VII əsrdə Ərəb istilasından sonra bu əraziyə Azərbaycan adının verildiyini və uzun illər bu torpaqlarda yaranan dövlətlərin ərazi deyil tayfa adı ilə adlandırdıqlarını qeyd edib. "Eldənizlər, Şirvanşahlar, Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu və daha onlarla nümunə göstərmək olar ancaq eyni zamanda dövrün bütün mənbələri bu ərazilərin Azərbaycan adlandığını təsdiq edir. Azərbaycan sözü dövlət adı kimi ilk dəfə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin timsalında . Ermənilər də bunu əldə bayraq edirlər. Ancaq ermənilər unutmasın ki, onların heç sülalə adı ilə belə olsun dövləti və dövlətçilik tarixi yoxdur", deyə Güntəkin xanım qeyd edib.

Leyla Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə