"Gültəkin Hacıbəyli özü-özünü təkzib edir"

Elçin Mirzəbəyli: "O, bir deputat və siyasət adamı kimi özünü heç vaxt doğrultmayıb"
"Gültəkin Hacıbəyli özü-özünü təkzib edir"

Gültəkin Hacıbəylinin deputatlığı zamanında səsləndirdiyi bəyanatları indiki ittihamları ilə yanaşı qoymaq lazımdır. O zaman bu insanın kimliyi, naturası aydın şəkildə görünəcək. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli sabiq deputatın son vaxtlar səsləndirdiyi ittihamları şərh edərkən deyib.

Onun sözlərinə görə, G.Hacıbəyli deputatlığı zamanı hadisələrə başqa müstəvidən baxırdı: "Onun səsləndirdiyi ittihamlar deputatlığı zamanı verdiyi bəyanatlardan tam fərqlənir. Bu gün əvvəl dediklərinin əleyhinə çıxır. Xalq arasında bir məsəl var: "Pişiyin ağzı ətə çatmayanda deyər ki, iylənib". Səsləndirdiyi bəyanatlar qeyri-ciddidir. İnsan siyasətlə məşğuldursa, fəaliyyətindəki ardıcıllığa bilavasitə diqqət yetirməlidir. Əgər insan özünün siyasi fəaliyyətini, daha öncə söylədiyi fikirləri arqumentləşdirə bilmirsə, əleyhinə çıxış edirsə və nə üçün əleyhinə çıxdığını faktiki olaraq ortaya qoymursa, deməli bu insan siyasət adamı deyil. Bu baxımdan G.Hacıbəylinin nə üçün Parlamentdə olmadığının motivlərini məhz bunda görürəm. Bir sözlə, G.Hacıbəyli bir deputat və siyasət adamı kimi özünü heç vaxt doğrultmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə