Novruz Məmmədov: “Xocalı aeroportundan uçuşlara yol verilməyəcək”
Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatı seçkiqabağı kampaniyadır və öz xeyrinə hesablanıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Sarkisyanın Yerevanda Azərbaycana yönəlik bəyanatlarına münasibət bildirərkən deyib.
N.Məmmədovun sözlərinə görə, təəssüflər olsun ki, Ermənistan hakimiyyəti xalqdan öz marağı üçün istifadə edir: "Serj Sarkisyanın bu bəyanatı hakimiyyətdə qalması üçün Dağlıq Qarabaq münaqişəsindən istifadə etdiyini göstərir. Ona görə də bütün günahları Azərbaycanın üzərinə atır. Lakin bütün beynəlxalq ictimaiyyət və bəzi erməni dairələri də başa düşürlər ki, münaqişə ilə bağlı məsuliyyət Yerevanın üzərinə düşür. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çalışır və bunu beynəlxalq birliyə nümayiş etdirir".
PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Xocalı aeroprotuna da münasibət bildirib: "Ermənilərin Xocalı aeroportunu istifadəyə verməsi cəhdləri danışıqlar prosesinə mənfi təsir göstərir. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı bilir ki, bu yolverilməzdir və Azərbaycanın ərazi bütövlüyünə ziddir. Azərbaycan hökumətinin bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə bəyan edib. Biz bu mövqeyimizdən heç vaxt geri çəkilməyəcəyik və Xocalı aeroportundan uçuşlara yol verilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB