"Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan arasında seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra məsləhətləşmələr aparılır. Amma bütövlükdə götürəndə, onların həmişə müəyyən formada fikirləri olur ki, seçki qanunu təkmilləşdirilsin, standartlara uyğunlaşdırılsın".
SİA-nın verdiyi məlumata görə, bu fikirləri millət vəkili, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyev ensonxeber.com saytına açıqlamasında deyib. Onun sözlərinə görə, prinsip etibarilə heç vaxt Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxılmayıb: "Biz qanunlara ilbəil yeni əlavələr edib, onları dəyişdiririk. Bu, ümumi işin xeyrinədir. Amma konkret olaraq nəyin təkmilləşdirilməsindən söhbət gedəndə, hesab edirəm ki, burada mövqe çox aydın şəkildə ifadə olunmalıdır. Məsələn, bəzi fikirlər var ki, Mərkəzi Seçki Komissiyasının tərkibinə yenidən baxılsın, bu qurum 50-nin 50-yə nisbətində, paritet əsaslarla formalaşdırılsın.
Biz bunu dəfələrlə müzakirə etmişik. Burada paritetin birincisi, meyarları tam dəqiq deyil. Paritet kimin arasında olmalıdır? Bu gün Azərbaycanda 100-dən çox partiya fəaliyyət göstərir, səhv etmirəmsə onun 50-dən çoxu qeydiyyatdadır və əksəriyyəti də özünü partiya kimi formalaşdıra bilməyib. Belə olan halda, hansı paritetlikdən söhbət gedə bilər? İkincisi, Azərbaycan təcrübəsində belə bir hal yaşanıb - 2000-ci ildə.
Bilirsiniz ki, o zaman sırf 50 faiz müxalifət təmsilçiləri, 50 faiz iqtidar təmsilçilərindən ibarət bir MSK formalaşdı. Ancaq iki ay belə fəaliyyət göstərə bilmədi. Dərhal həmin MSK-nın fəaliyyətinə blok qoyuldu müxalifət tərəfindən, bir növ MSK-nın fəaliyyəti tam şəkildə iflic oldu. Ona görə də, bu gün Azərbaycanda kiminsə, hansısa qrupun iddialarını, ambisiyalarını yerinə yetirmək yox, işlək bir mexanizm, seçkilərin tam şəffaf keçirilməsinə zəmanət verə biləcək bir MSK-ya ehtiyacımız var".
Millət vəkili bildirib ki, Azərbaycanda seçki texnologiyası, seçki işinin təşkili, bütövlükdə qanunvericiliyin hazırki vəziyyəti bir çox ölkələrdən nəinki geri qalır, hətta irəlidədir: "Əgər qüsurlar varsa, hansısa bir təcrübədə özünü doğrultmayıbsa, onu aradan qaldırmağa həmişə ehtiyac var, bu da lazımdır. Azərbaycan parlamenti də bu istiqamətdə hər zaman öz sözünü deyib, addımlar atıb və indi də əgər konkret təkliflər olacağı təqdirdə , müvafiq komitədə, yəni, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bilavasitə bu məsələlərə baxıla bilər".
Başqa təcrübələrin faydalı olmayacağını söyləyən Azay Quliyev bəyan edib ki, bütün hallarda Azərbaycan dövləti seçkilərin keçirilməsinə məsuldur: "Bu məsuliyyəti dərk edərək hesab edirəm ki, yalnız və yalnız mövcud təcrübəni irəliyə aparmalıyıq, mövcud təcrübə ətrafında seçki mübarizəsini genişləndirməliyik və təkmilləşdiriləsi məsələləri təkmilləşdirməliyik. Amma yenidən 180 dərəcə altında hadisəni çevirmək və prosesə yeni bir istiqamət vermək maraqlarımıza uyğun deyil. Bu, praktikada özünü qətiyyən doğrultmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB