Elman Nəsirli: “Həmsədr ölkələrə atəşkəs rejimi sərf edir” MÜSAHİBƏ

“Azərbaycanla müharibəyə girmək biabırçı məğlubiyyətlə razılaşmaq deməkdir”
Elman Nəsirli: “Həmsədr ölkələrə atəşkəs rejimi sərf edir” MÜSAHİBƏ

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirlinin SİA-ya müsahibəsi:

- Yanvarın 28-də baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşündə nə kimi müsbət dəyişiklər ola bilər?

- Hər hansı hadisədən müsbət nəticə gözləmək üçün öncəki proseslərin hansı səviyyədə olmasını bilmək lazımdır. Əgər yanvarın 28-də keçirilməsi planlaşdırılan bu görüşdən əvvəl Ermənistan- Azərbaycan münasibətlərində pozitiv tendensiya hiss etsək, o zaman məsələ ilə bağlı rəy verə bilərik. Təbii ki, bu da yoxdursa, o zaman nikbin proqnoz verməyə əsas yoxdur. Yeganə pozitiv fakt tapmaq olar ki, o da bu görüşün baş tutmasıdır. Qeyd edim ki, əvvəllər prezidentlərin görüşünün baş tutması çətin idisə, indi xarici işlər nazirlərinin görüşünə çətin hadisə kimi yanaşırlar. Halbuki bu, əvvəllər qəribə hal deyildi. Görüş öncəsi Ermənistan rəhbərliyinin davranışı, xüsusilə də Xankəndi aeroportunu israrlı şəkildə açmaq istəyi və bütün vəchlə bunu edəcəyini bildirməsi, hətta bununla bağlı Almaniya istehsalı təyyarələr alması, Azərbaycanın bu məsələdəki mövqeyinə qarşı əks arqumentlər gətirməsi və digər hadisələr onu göstərir ki, növbəti dəfə danışıqlar prosesini mümkün qədər heçə endirməyə çalışırlar. Onlar istəyirlər ki, yenidən vaxt qazanaraq satus-kvonun bir müddət də uzadılmasını təmin etmiş olsunlar. Həmsədrlər son zamanlar bəyan edirlər ki, status-kvo qəbuledilməzdir. Bu da təbii ki, müəyyən mənada erməniləri qıcıqlandırır. Buna görə də ermənilər öz oyunlarını tətbiq edirlər. Hər dəfə müəyyən bəhanələr altında danışıqlar prosesini pozmaq istəyirlər. Bu nöqteyi nəzərdən baş tutacaq görüşün əsas mövzusu Xankəndi aeroportunun açılması məsələsi olacaq. Prinsip etibarı ilə ortada yeni təkliflər yoxdur. Bunun ardınca isə həmsədrlərin regiona səfərləri gözlənilir. Əsas məsələlərin nə olduğu bundan sonra məlum olacaq. Onu da xüsusi olaraq vurğulayım ki, Ermənistanda fevral ayında keçiriləcək prezident seçkilərindən sonra danışıqlar prosesi ilə bağlı yeni tendensiyalardan bəhs etmək olar. Seçkilərə qədər dəyişiklərin olmasını gözləmək mümkünsüzdür.

- Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə və digər məsələlərə Avropa qurumları niyə kəskin etirazlarını bildirmirlər?

- Avropa qurumları heç vaxt hər hansı ölkəni ünvanı ilə çağırmır. Onlar sadəcə balans yaratmağa çalışırlar. Hər zaman "=" işarəsi qoyurlar. Yeganə istəkləri isə regionda müharibənin başlanmamasıdır. Onlar daima münaqişənin sülh yolu ilə həll olunmasını istəyirlər. Qarşıya 3 prinsip qoyurlar. İlk olaraq müharibə ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İkincisi xalqların öz müqəddəratını həll etmək, üçüncüsü isə gücün tətbiq edilməməsidir. Biz də bu prinsiplərin hər birinə hörmətlə yanaşırıq. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir, çünki bu, beynəlxalq hüququn əsas prinsipidir. Eyni zamanda, ölkəmiz öz müqəddəratını təyin etmək prinsipinə də hörmətlə yanaşır. İstənilən prosesin məntiqi sonluğu olur. Ermənistan bu hərəkətlərindən əl çəkməsə, o zaman prezident İlham Əliyevin dediyi kimi, bizim də səbrimizin bir limiti var. Hətta 2012-ci ilin yekunları ilə bağlı keçirilən Nazirlər Kabinetinin iclasında da bu məsələyə toxunuldu. Münaqişənin dinc yolla həll olunmasında maraqlıyıq. Məsələnin sülh yolu ilə həll olunmadığı təqdirdə, müharibə variantına əl ata bilmək üçün beynəlxalq hüquqa da əsaslana bilərik. Çünki, müharibə etmək bizim hüququmuzdur. Sadəcə qan tökülməsini istəmirik. Məhz buna görə də hələlik gözləyirik.

- Erməni separatçıları Dağlıq Qarabağda yeni- yeni təxribatçı hərəkətlər edirlər və bəyan edirlər ki, Azərbaycan bu məsələyə müdaxilə etsə, beynəlxalq təşkilatlara müraciət edəcəklər. Bu nə dərəcədə düzgündür?

- Bunlar sadəcə boş danışıqlardır. Azərbaycan bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atır. Hər bir ölkənin üzərindəki quru hava məkanı onun suveren ərazisidir. Bu nöqteyi nəzərdən bütün beynəlxalq təşkilatlar Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometr çərçivəsində, yəni Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyıb. Beləliklə, Dağlıq Qarabağ və onun şəhəri Xocalıda olan hava məkanı da Azərbaycana məxsusdur. Buraya hər hansı ölkə daxil olsa, o zaman müdaxilə etməyə haqqımız var. Çünki bu beynəlxalq konvensiyanın əsas prinsipidir. Məsələnin həllində heç bir yeni Azərbaycan modeli təqdim etmirik. Ona görə də Ermənistanın qabaqdan gəlmişlik etməyə heç bir əsası yoxdur. Bununla bağlı artıq beynəlxalq təşkilatlar məlumatlandırılıb. Keçən ilin noyabrında BMT-nin baş katibi Pan Gi Muna məktub göndərilib. 193 ölkə arasında bu məsələ artıq yayılıb. Bütün bu olanlara rəğmən Ermənistan yenə də öz fikirlərindən daşınmasa, o zaman baş verəcəklərə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşəcək.

- Etiraf edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin apardıqları monitorinqlər müsbətə doğru heç bir nəticə vermir. Ümumiyyətlə atəşkəs rejimi kimin üçün daha sərfəlidir?

- Atəşkəs rejimi həmsədr ölkələrin üçünə də sərf edir. Rusiya üçün ona görə sərf edir ki, atəşkəsin olmaması və regionda müharibənin başlanması Cənubi Qafqazda böyük müharibəyə səbəb ola bilər. Bu da cənubdan Şimali Qafqaza transformasiya ola bilər. Rusiyanın cənub sərhədləri üçün bu, ciddi təhlükədir. Digər tərəfdən isə Ermənistanın məğlubiyyəti labüd ola bilər. Nazirlər Kabinetinin iclasında prezidentimiz İlham Əliyev bəyan etdi ki, Azərbaycanın tək hərbi büdcəsi 3, 7 milyard dollardır. Ermənistanın bütün büdcəsi isə 2 milyard dollara yaxındır. Bu səbəbdən də Rusiya bunu istəmir. Fransada erməni lobbisi çox güclüdür. Onlar daima ənənəvi dost dövlətləri kimi çıxış edir. ABŞ-a gəlincə onlar da regionda müharibənin başlamasını istəmir. Çünki müharibənin başlanması ABŞ və Rusiya arasında ciddi gərginlik yaradacaq. Digər tərəfdən isə ABŞ-ın Rusiyada həllini gözləyən başqa vacib problemləri var. Bura İranın nüvə proqramı, Suriya və NATO-nun Avropada raket əleyhinə olan işləri və digər məsələlər aiddir. Prezidentimizin dediyi kimi, bu məsələdə güclənmək, güclənmək və yenə də güclənmək lazımdır. Güclü olduğumuz təqdirdə müharibənin başlanması ehtimalı da artır. O zaman da ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah edəcəklər ki, bu qədər güclənmiş Azərbaycanla müharibəyə girmək biabırçı məğlubiyyətlə razılaşmaq deməkdir.

- 2014-cü ildə "Bişkek" protokolunun (1994-cü il 8 may) vaxtı bitir. Bu müharibənin başlanmasına zəmin yarada bilərmi, yaxud bu sazişin vaxtının uzadılması ehtimalı ola bilər?

- Şübhəsiz ki, həmsədrlər yeni sənədin imzalanmasını istəyəcəklər. Çünki onlar fəxrlə deyirlər ki, 20 il ərzində sülhü təmin etmişik. Lakin danılmaz faktdır ki, problemin həllində heç bir irəliləyiş yoxdur. Hər şeyə rəğmən sazişin yeni müddətə uzadılması ilə bağlı canfəşanlıq edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə