“İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır”
2012-ci il xarici siyasətlə bağlı da çox uğurlu olub. Biz xarici fəaliyyətimizi genişləndirmişik və beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə çatmışıq. SİA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Prezident bildirib ki, ötən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edib: "Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə, 2011-ci ilin sonunda Təhlükəsizlik Şurasına seçilməyimiz çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi. Biz keçən il dünyanın bir nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə, bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da artıbdır. Biz, deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da böyük dərəcədə təsdiq edə bildik. Çox şadam ki, 2011-ci ildə beynəlxalq birlik tərəfindən bizə göstərilən inam Azərbaycan tərəfindən qorunub və hesab edirəm ki, il ərzində bu inam daha da artıb. Çünki bu mötəbər quruma əlbəttə ki, beynəlxalq birlik tərəfindən bizə olan inamın nəticəsində seçildik. Biz il ərzində bu inamı doğrulda bildik".
Dövlət başçısı deyib ki, Azərbaycan etibarlı tərəfdaşdır, bütün məsələlərlə bağlı öz mövqeyinə malikdir: " Bizim mövqeyimiz ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Hesab edirəm ki, bir il ərzində BMT-də bizi dəstəkləyən ölkələrin sayını artıra bildik. Eyni zamanda, keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilib. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olub. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilib. Orada da göstərilir ki, bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu, hesab edirəm ki, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq başqa beynəlxalq təşkilatların bundan əvvəlki dövrdə qəbul edilmiş qətnamələrini daha da gücləndirir".
Prezident İlham Əliyev həmçinin keçən il NATO-nun zirvə görüşündə qəbul olunan qətnaməyədə toxunub: "Orada da göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkələrin ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır. Qoşulmama Hərəkatı və NATO dünyanın əksər ölkələrini birləşdirir və beləliklə, dünya birliyinin mövqeyi birmənalıdır. Bu mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Bizim mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır. Eyni zamanda, iqtisadi gücümüz, hərbi gücümüz də yerindədir. Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, bölgədə gedən proseslər mövqeyimizi gücləndirir".
Ölkə rəhbəri onu da sözlərinə əlavə edib ki, bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır: "Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır. Mən bu barədə bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyubdur. Nə qədər ki, bu münaqişə davam edəcəkdir, onların vəziyyəti daha da ağırlaşacaqdır. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq. Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB