"Xəzərin hüquqi statusu ilə bağlı məsələnin bu günə qədər gecikməsinin əsas səbəblərindən biri Rusiyadır". Bunu SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Azərbaycan arasında orta xətt prinsipi ilə üçtərəfli müqavilə bağlanmasına baxmayaraq, Rusiya bu məsələdə İranı stimullaşdırır ki, Xəzərdə nə mövcud geosiyasi reallığa, nə də beynəlxalq konvensiyalara və sərhəd çıxıntılarına uyğun gəlməyən iddialarla çıxış etməsin. Bununla da Rusiya Xəzər dənizində hegemonluğunu qorumaq istəyir.
""Gülüstan" müqaviləsindən başlayaraq Xəzər hövzəsində Rusiyadan başqa heç bir dövlətin hərbi donanma saxlamaq hüququ yox idi. Təbii ki, bu müqavilə çar Rusiyası dağıldıqdan sonra öz qüvvəsini itirdi. Daha sonra Xəzərin hüquqi statusu SSRİ və İran arasında bağlanan qarşılıqlı müqavilələr əsasında tənzimlənirdi. Xəzər qapalı dəniz hövzəsi olduğuna görə ərazisi onun hövzəsində olan dövlətlərin sərhəd çıxıntılarından orta xətt üzrə bölünür. Həmin sular dövlətin faktiki olaraq ərazisi sayılır. Rusiyanın iddiaları isə fərqlidir. Rusiya hesab edir ki, Xəzərin dibinin bölünməsi ilə bağlı müəyyən ortaq məxrəcə gəlmək olar. Ancaq suyun dibi bölünməli, üzəri isə ümumi olmalıdır. Ancaq burada dominantlıq yenə də Rusiyanın üzərində olmalıdır. Hətta hərbi donanma saxlamaq belə onun əlində olmalıdır. Burada Rusiyanın iddiaları absurddur. Rusiyanın hərbi varlığını gücləndirməkdə bir neçə məqsədi var. Bunlardan birincisi, İranla bağlı baş verəcək hər hansı problemə hazır olmaqdır. Digər bir məqsəd bölgədə güc nümayiş etdirmək və hər zaman təhdid altında saxlamaqdan ibarətdir. Ümumən götürsək, Rusiya xof, qorxutmaq siyasəti yeridir. Ancaq nə bugünkü potensial, nə də ki, mövcud geosiyasi vəziyyət Rusiyanın bu iddialarını həyata keçirməyə imkan vermir. Rusiya yaxın şərqdə necə sıxışdırılaraq öz mövqelərindən geri çəkilibsə, digər mövqelərindən də geri çəkilmək məcburiyyətində qalacaq. Çünki bölgədə vəziyyət dəyişib. Artıq Xəzəryanı dövlətlər vaxtilə Rusiyanın basqısı altında olan dövlətlər deyil. Hər bir dövlətin möhkəm iqtisadi potensialı var. Hesab edirəm ki, bu proseslər müəyyən müddətdən sonra səngiyəcək", -deyə politoloq fikirlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB